Son yeniləmə: 25 Avqust 2022 16:13
Vüqar Bayramov: Türk dövlətləri arasındakı əməkdaşlığın güclənməsində Azərbaycanın xüsusi rolu var
BAYRAQDAR MEDİA– “Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilir. Əməkdaşlığın dərinləşməsi özünü ticarət dövriyyəsində də əks etdirməkdədir”.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana rəsmi səfərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
BAYRAQDAR MEDİA-ya açıqlamasında V.Bayramov bildirib ki, 2020-ci ildə ölkələr arasında dövriyyə 25.9 milyon dollar olmuşdusa, ötən il qarşılıqlı ticarət 135 milyon 799 min dollaradək yüksəlib: “Bu ilin ilk yarısında isə iki ölkə arasında ticarət dövriyyəsi 326 milyon 673 min dollar olub. Göründüyü kimi, iki türk dövləti arasında xarici ticarət dövriyyəsində son il yarımda kəskin artımlar qeydə alınıb”.
Onun sözlərinə görə, Qazaxıstan Prezidentinin Azərbaycana səfərindən sonra tərəflərin qeyri-neft sektorunda, o cümlədən nəqliyyat və kommunikasiya sahələrində daha geniş əməkdaşlıq edəcəyi gözlənilir: “Tərəflər eyni zamanda humanitar və eləcə də təhsil sahəsində əməkdaşlığı gücləndirir. Qazaxıstan şirkətləri işğaldan azad olunan ərazilərimizə də sərmayə qoyuluşunda maraqlıdır. Artıq 65-dən çox Qazaxıstan şirkətinin müraciəti də məhz bu istəyi bir daha təsdiq edir”.
“Türk dünyası daha da sıx əməkdaşlıq mərhələsinə qədəm qoyur. Etiraf etmək lazımdır ki, türk dövlətləri arasındakı əməkdaşlığın güclənməsində Azərbaycanın xüsusi rolu var. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və daha sonra Qazaxıstan rəhbərinin ölkəmizə gəlməsi və liderlər arasındakı telefon danışıqları da türk dünyasında əməkdaşlıq üçün mövcud imkanlardan daha geniş istifadə olunacağından xəbər verir”, – deyə deputat əlavə edib.