BAYRAQDAR MEDİA – Avqustun 30-dan sentyabrın 4-dək qardaş Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri keçiriləcək. Həmin çərçivədə Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur: “Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsilə vətəndaşlara göstəriləcək xidmətlər bunlardır: şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; məhkumluq barədə arayışların verilməsi. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti. Tərcümə xidmətləri: yazılı tərcümə; onlayn tərcümə; apostil sənədlərinin qəbulu; tərcümənin daxili möhürlə təsdiqi; eyniləşdirmə; redaktə; riraytinq; kopiraytinq”.
Bildirilib ki, avqustun 30-dan sentyabrın 4-dək saat 10:00 – 18:00 aralığında təşkil ediləcək xidmətdən yararlanmaq üçün Azərbaycan vətəndaşları mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər: “Qeydiyyat üçün link. Eyni zamanda, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları bu linkə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır”.