Son yeniləmə: 26 Avqust 2022 10:48
BAYRAQDAR MEDİA – İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani ailə üzvləri ilə birlikdə Qarabağa səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, onun səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb.
Bildirilib ki, Komitənin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib: “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, postmüharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib”.
Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıq zamanı Əmir Əli Sərdari İrəvani deyib ki, Bakıya ilk dəfə iki il əvvəl səfər edib. Qarabağa səfər isə arzu olaraq qalırdı. “İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma, eyni zamanda, biz belə möhtəşəm tikilini də görürük. Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, – deyə o bildirib.
Qeyd edilib ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda, etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.