Press "Enter" to skip to content

Fars-molla rejiminin “diplomat”ına daha bir sərt cavab

Zaur BAYRAMLI

Son yeniləmə: 25 Avqust 2022 09:41

Zaur Bayramlı: Bu cür sərsəmləmələr İranın hansı “səviyyədə” dövlət olduğunu bir daha nümayiş etdirir

BAYRAQDAR MEDİA – “İranın Əfqanıstanda və İtaliyada səfiri olmuş Əbülfəzl Zöhrəvəndin sərsəm bəyanatı ilə tanış oldum. Bir daha məndə İranın nə qədər qeyri-ciddi və səviyyəsiz rejim tərəfindən idarə edilən dövlət olduğu qənaəti gücləndi”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Ə.Zöhrəvəndin Azərbaycan və Türkiyə əleyhinə yönələn son sərsəm bəyanatına münasibət bildirən, Birləşmiş Ştatlarda yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib.

Bu, İranın işğalçı, imperialsit mahiyyətindən irəli gəlir

O, qeyd edib ki, bu cür sərsəmləmələr İranın hansı “səviyyədə” dövlət oduğunu bir daha bütün dünyaya nümayiş etdirir: “Təsəvvür edin, bu adam İtaliya kimi ciddi bir Avropa ölkəsində səfir olub. Amma bu gün küçə səviyyəsində açıqlama verir, bəyanat səsləndirir. Bu, səviyyəsiz, elmdən uzaq bir cahilin təhqir dolu fikirləridir. Həm də bu, İranın fars-molla rejiminin mahiyyətini bir daha aşkar şəkildə ortaya qoyan fikirlərdir. Bu, həm də İranın Azərbaycan və Türkiyə başda olmaqla bütövlükdə türk dünyasına olan düşmən münasibətini aydın şəkildə ortaya qoyur”.

Müsahibimiz deyib ki, bu, eyni zamanda İranın işğalçı, imperialist mahiyyətindən irəli gəlir: “Bu adam öncə Naxçıvana, daha sonra isə bütövlükdə Azərbaycan ərazilərinə İranın illərdir hərdən gizli-gizli, hərdən də aşkar şəkildə ifadə etdiyi işğalçı iddiasını da təkrarən dilə gətirir. Anlamır ki, belə sərsəm açıqlamalar İranı beynəlxalq arenada çox pis duruma sala bilər. İranın şovinist təfəkkürlü fars-molla rejiminin təmsilçilərinə Naxçıvanla bağlı vacib məqamı bir daha xatırlatmağı özümüzə borc bilirik. Naxçıvan Azərbaycanın ayrılmaz bir parçası olmaqla bərabər, eyni zamanda 1921-ci il Qars müqaviləsi ilə Türkiyə tərəfindən də təhlükəsizliyi və toxunulmazlığı qorunan, təminat altına alınan bir ərazidir. Yəni bu gün ağızlarına nə gəldi danışan Ə.Zöhrəvənd kimilər bunu unutmamalıdırlar”.

Bildirilib ki, digər tərəfdən o, öz sərsəm açıqlamasında həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın İrana birləşdirilməli olduğunu iddia edir: “Bununla da o, təkcə özünün deyil, təmsil etdiyi rejimin də qorxusunu dilə gətirir, nümayiş etdirir. Onun xüsusilə “Azərbaycan NATO-nun İranı parçalaya biləcəyi bir nöqtədir” sözlərini diqqətdən qaçırmaq olmaz. Yəni NATO guya ki, Azərbaycan ərazilərindən istifadə edərək İranı parçalayacaq”.

İranın Güney Azərbaycan qorxusu

Müsahibimiz qeyd edib ki, Ə.Zöhrəvəndin qorxuqarışıq həyəcanla dilə gətirdiyi sözlərin pərdəarxası var: “Bu da ondan ibarətdir ki, İranın fars-molla rejiminin təmsilçiləri bu müstəmləkəçi ölkənin parçalanmasının qaçılmaz olduğu reallığını dərk edirlər. Eyni zamanda bu parçalanmanın da məhz Güney Azərbaycandan, güneyli soydaşlarımızın milli azadlıq hərəkatı sonucunda olacağını da artıq qəbullanıblar. Bizim Güney Azərbaycan məsələsinə utopiya kimi yanaşan bəzi siyasətçilərimizdən fərqli olaraq İran tərəfi bu reallığı görür və əndişəyə düşüb. İran rejimi təmsilçiləri bu müstəmləkəçi ölkənin parçalanacağını, Güney Azərbaycanın bir gün öz azadlığına qovuşacağını bildiyi üçün bu sərsəm “diplomat”ın dili ilə öz qorxularını ifadə etmiş oldular”, – deyə o, əlavə edib.

İranla Ermənistan da “bir millət – iki dövlət”dir

Ə.Zöhrəvəndin digər sərsəmləmələrinə gəlincə, Z.Bayramlı deyib ki, bu adam millətimizin adını dəyişdirməyə də cahilcə cəhd edərək “Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir” deyir: “Digər tərəfdən bu iranlı “diplomat” ağası Xameneyinin Zəngəzur dəhlizinin guya ki, min illərdir İranla Ermənistan arasındakı nəqliyyat yolu olduğuna dair cahil bir iddiasını təkrar səsləndirir. Eyni zamanda deyir ki, həmin yol İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yeganə tranzit yoludur. Bundan başqa bu “diplomat” etiraf edir ki, “Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi”. Hələ utanmadan Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, İran üçün problem olacağını dilə gətirir. Əslində, bu sərsəm fikirlərin alt qatında İranın erməni sevgisi dayanır. Mən əvvəllər də demişdim, bir daha təkrar edirəm ki, Türkiyə ilə Azərbaycan bir millət – iki dövlət olduğu kimi, İranla Ermənistan da “bir millət – iki dövlət”dir. Ə.Zöhrəvəndin dedikləri də bunu bir daha sübut etdi”.

Z.Bayramlının sözlərinə görə, Ə.Zöhrəvəndin dedikləri o qədər sərsəm və səviyyəsiz açıqlamalardır ki, sadəcə adamda heyrət doğurur: “Mən bir daha əmin oldum ki, İran nə qədər səviyyəsiz, ciddilikdən uzaq rejim tərəfindən idarə olunan ölkədir. İnanıram ki, Güney Azərbaycan təşkilatları, güneyli milli fəallarımız da bu səviyyəsiz diplomatın layiqli cavabını verəcəklər. Buna heç şübhəniz olmasın”.

Mission News Theme by Compete Themes.