BAYRAQDAR MEDİA – Avqustun 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” (psixoloji dram) adlı tamaşa nümayiş olunub. Maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Baş İdarədən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Dünya Xalqları Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçılar İttifaqının üzvü, həkim psixiatr-narkoloq Asif Kəngərli narkomaniyanın fəsadları mövzusunda çıxış edib: “Sonra “Qaranlıqdan işığa” tamaşası təqdim olunub. Bir gəncin bu bəlaya “yox” deyib qaranlıqdan işığa necə çıxdığını tamaşada izləmək mümkündür. Tamaşada əsas məqsəd bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır”.
Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak ediblər.
Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.