Son yeniləmə: 25 Avqust 2022 17:22
BAYRAQDAR MEDİA – Türkiyənin milli S/PUA-sı (Silahlı Pilotsuz Uçuş Aparatı – SİHA) “Bayraktar TB2” daha bir mühüm mərhələni geridə qoyub. Türk aviasiya tarixində yeni bir çığır açan “Bayraktar TB2” S/PUA sistemi 500 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 25-də “Baykar Texnologiya” Şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Bildirilib ki, S/PUA “Bayraktar TB2” səmada yarım milyon saatı keçərək ən uzun xidmət edən milli təyyarə ünvanını qazanıb.
“Türkiyənin dünyaya ixrac etdiyi ilk S/PUA platforması olan “Bayraktar TB2”lər dünya aviasiya və müdafiə sənayesi tərəfindən maraqla izlənilir. Ukrayna, Qatar, Azərbaycan və Polşa da daxil olmaqla 23 ölkə ilə ixrac müqavilələri imzalanıb.
“2021-ci ildə 664 milyon dollarlıq S/PUA sistemləri ixrac edən Baykar, Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlara görə, müdafiə və aerokosmik sahədə ən çox ixrac edən şirkət olub. Baykar hazırda gəlirlərinin 90 faizindən çoxunu ixracdan əldə edir. Milli S/PUA “Bayraktar TB2” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir”, – deyə şirkətdən bildirilib.