Press "Enter" to skip to content

Türk dünyası üçün dəyərli tapıntı

Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə

“Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi-arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.

Beynəlxalq Türk Akademiyasından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, kompleksin ümumi sahəsi 49×41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir.

Tarixi tapıntının bir predmeti
Tarixi tapıntının bir predmeti

Məlumata əsasən, kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var: “Kompleksin girişindən şərqə doğru 51 balbal daşı yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur”.

Məlumatda daha sonra deyilir ki, aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib: “Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır.

Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir”.

O da bildirilir ki, ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir: “Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır”.

Qeyd edilib ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və Türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək.

Məlumat üçün bildirilir ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. COVID-19 pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa edilib.

Darxan Kıdırəli arxeoloqlarla birlikdə
Darxan Kıdırəli arxeoloqlarla birlikdə

“Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçi arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Porf. Dr. Altangerelın Enxtor, arxeoloqlar Tserenxandın Buyanxişig, Gonçigyin Batbold və Narantuyagıin Tsengel, Munxsaixanı Uuqanbayar tədqiqat heyətində yer alıb.

“Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edilib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən olunub. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar edilib”, – deyə daha sonra bildirilir.

Mission News Theme by Compete Themes.