Press "Enter" to skip to content

Rusiya-Ukrayna savaşı avronu da “öldürür”

Millət vəkili Vüqar Bayramov

BAYRAQDAR MEDİA – Son vaxtlar, xüsusilə də Rusiyanın Ukraynaya hücumundan sonra dünya düzənində bir-birini əvəz edən xoşagəlməz proseslər müşahidə edilir. Maraqlıdır ki, bütün bu proseslərin mərkəzində də maliyyə, yaxud qlobal ərzaq böhranı faktı dayanır. Elə avronun qəfildən dəyər itirməsi də bu sıraya aid edilməlidir. Bəs, bu dəyər itirmə hansı mənfi fəsadlara yol aça bilər?

Son 20 ildə ən aşağı məzənnə

BAYRAQDAR MEDİA-nın bu sualını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öncə onu deyib ki, avro son 20 ildə ən aşağı məzənnə ilə təklif olunur: “Bu gün birjalarda avro dollardan daha ucuz satılır. 1 avro almaq üçün indi 0.99 dollar ödəmək lazımdır”.

Onun sözlərinə görə, avronun ucuzlaşmasına da bir növ Rusiya-Ukrayna savaşı təsir edib: “Yəni bu gün dünya bazarında avronun ucuzlaşması qitədə qaz böhranının dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır. “Qazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Eyni zamanda, hazırda avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri var ki. Bütün bunlar da son nəticədə avronu zəiflədir”.

V.Bayramov qeyd edib ki, avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub: “Bir ay öncə bu rəqəm 8.1 faiz, otən il isə cəmi 1.9 faiz idi. Avropa Birliyində isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 faiz illik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8 faiz, ötən il isə cəmi 2.2 faiz idi”.

Ucuz avro həm də…

Avronun ucuzlaşmasının Avropaya hansı fəsadlar gətirəcəyinə gəlincə, V.Bayramov aşağıdakıları deyib: “Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur. Doğrudur, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Onu da deyim ki, Rusiya- Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.6891-dək dəyişib. Bu, manatın avroya nisbətən son 5 ayda 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir”.

Mission News Theme by Compete Themes.