Bunu nazir Emin Əmrullayevə bir dəstək yazısı kimi də qəbul etmək olar
BAYRAQDAR MEDİA – Təhsil sahəsində əməkhaqlarına son əlavələrin elan edilməsi, ardınca da elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi mətbuat konfransı (nəyə görəsə brifinq kimi təqdim edildi) dövlətin bu sahədə şəffaflığa, yenilənməyə və ümumiyyətlə sağlamlaşdırmaya ciddi yanaşdığını göstərir.
Oxucularımızın yadında olar, biz ötən ilin sonunda məktəb direktorlarından olan Azər Ələkbərovun bir yazısını təqdim etmişdik. O, müxtəlif ölkələrdə məktəb direktorlarının aylıq əməkhaqqı ilə bağlı təhlil aparmış, bu sahədə diferensiallaşdırmaya diqqət çəkmişdi. Yəni lori dildə desək, 100 şagirdi olan məktəblə 2 min şagirdi olan məktəbin direktorunun eyni məbləğdə əməkhaqqı almasının doğru olmadığını dilə gətirmişdi.
Fərqli ölkələrdə məktəb direktorlarının əməkhaqları – TƏHLİL
Biz də Azər müəllimin yanaşmasına dəstək vermiş, dövlətə çağırış etmişdik ki, bu məntiqli və əsaslı təklif diqqətə alınsın.
Bir çoxlarından fərqli olaraq biz -elə təşəbbüs sahibi A.Ələkbərov da- inanırdıq ki, optimallaşdırma ilə bağlı belə təkliflər nəinki qıcıq doğuran deyil (hərçənd bundan qıcıqlanan bəzi xırda məmurlar da olmuşdu), əksinə, dövlət bunu mütləq nəzərə alacaq.
Elə də oldu. Xəbər verdiyimiz kimi, artıq məktəb direktorlarının əməkhaqqı differensiallaşdırılır, müəllimlərin də əməkhaqqına əlavələr edilir. Bu proses cəmi bir həftə sonra – 1 sentyabr 2022-ci ildən başlayır.
Lakin hər məsələdə olduğu kimi bu məsələdə də narazılar yox deyil. Onların bəziləri bu narazılığı kor-koranə edirsə, bəziləri də əsaslandırılmış, haqlı şəkildə edir. Elədirsə, o narazılıqların da aradan qaldırılması vacibdir. Yeri gəlmişkən, nazir E.Əmrullayev sözügedən mətbuat konfransında bu məsələlərin mərhələ-mərhələ həll ediləcəyinin xəbərini də verdi. Yəni bütün problemləri bir anda deyil, zamanla həll edəcəyik.
Narazıların birinci bölümü şagird sayı 500-dən aşağı olan məktəb rəhbərliyinə bu artımların şamil edilməməsini əsas gətirir. Onlar deyir ki, niyə daha artıq şagirdi olan məktəblərin rəhbər şəxsləri daha artıq pul almalıdır, digərlərində isə artım olmamalıdır? Belə baxanda, haqlıdırlar. Amma eyni zamanda haqsızdırlar. Ona görə ki, 100 şagirdi idarə edən direktorun işi təbii ki, 2 min şagirdi idarə edən direktorun işi qədər deyil və ola da bilməz. Ona görə də onların əməyinin qiymətləndirilməsi də fərqli olmalıdır. Bu, bizim düşüncəmizdir.
Lakin bu durumu birdəfəlik tənzimləmək üçün çıxış yolu da yox deyil. Statistika olaraq bilmirik, amma bəllidir ki, Azərbaycanda çox sayda məktəb var ki, onların şagirdlərinin sayı bəzən 100 nəfərdən də azdır. Halbuki o şagirdlərin oxuduğu məktəblər də məktəbdir, direktoru, onun müavinləri, əlavə texniki işçiləri və ayrı-ayrı müəllimləri var. Və bunların hamısı aşağı əməkhaqqı ilə işləyir, ona görə də narazılıq edirlər. Əslində, aldıqları əməkhaqqı işlərinə uyğundur. Amma görəndə ki, başqa müəllimlərin, direktorların aldıqları daha yüksəkdir, bu adamlar özlərinə qarşı ayrıseçkilik edildiyini düşünürlər. Belə olan halda çıxış yolunu biz təklif edirik.
Bu xırda məktəbləri birləşdirmək lazımdır.
Örnək verirəm. Mənim Dədəli kəndimdə olduqca geniş, lakin təmirə ehtiyacı olan bir məktəbimiz var. Sovet dövründə ətraf kəndlərin uşaqları bura gələrdi. Amma son illər ərzində qonşu Palıdlı kəndində bir məktəb tikildi. Zərurət belə olmadan. Oraya yaxınlıqdakı Nağıoba kəndindən, hətta Dədəlidən şagird yığdılar ki, məktəb fəaliyyət göstərə bilsin. Yəni süni şəkildə edildi bu. Gərək varmıydı? Təbii ki, yox idi.
Paralel olaraq qonşu Bostançı kəndinin məktəbi yenidən tikildi, abadlaşdırıldı və tam orta məktəb kimi fəaliyyət göstərir.
İndi bir məsələyə diqqət edək. Dədəli məktəbindən Palıdlı və eyni qaydada Bostançı məktəbinə qədər məsafə aşağı-yuxarı 2 km-dir. Yəni bizim uşaq vaxtı piyada getdiyimiz məsafələrdən də az. Belə olan halda nə gərək var ki, bu qədər yaxın məsafədə şagird tərkibini təmin edə bilmədiyimiz halda məktəb sayını artırırıq? Üstəlik də onların hər birinə rəhbər işçilər, texniki xərclər ayrılır? Yəni dövlət gərək olmadan 3 məktəbi ayaqda tutmalı olur. Halbuki o kiçik məktəblərin şagirdləri mərkəzləşdirilmiş bir məktəbdə toplana bilərdi. Bunun üçün yerdə qalan iki məktəbə çəkilən xərcləri başqa ehtiyaclara sərf etmək olardı. Örnək üçün, Dədəli-Bostançı yolunu asfaltlayıb oradan şagirdlərin daşınması üçün bir avtobus ayırmaqla işi həll etmək olar. Eyni qaydada Palıdlı məktəbinin şagirdləri üçün də avtobus ayırmaqla məsələni həll etmək mümkündür.
Göründüyü kimi, yeri gəldi-gəlmədi məktəb tikməkdənsə, xırda məktəbləri birləşdirib daha peşəkar rəhbərlik və kollektivlə daha keyfiyyətli və daha az xərc tələb edən təhsil təşkil etmək olar. Bunu edərsək, ölkədəki məktəblərin sayı ən azı 30 faiz azalar və idarəetmə, eyni zamanda əməyin ödənilməsi asanlaşar.
Yeri gəlmişkən, məktəblərin təmərküzləşdirilməsi həm də müəllimlərin dərs saatlarının artmasına səbəb olacaq. Bu isə uyğun şəkildə əməkhaqqı artımı deməkdir. Eyni zamanda şagird sayının artması rəhbər şəxslərin də əməkhaqqının yüksəlməsi demək olacaq. Bizə görə, hazırda ən optimal çıxış yolu budur.
Nazir E.Əmrullayev mətbuat konfransında uyğun bir dildə bir gerçəyi də dilə gətirdi. Bəllidir ki, Azərbaycan rus məktəblərinin sayının çoxluğu ilə “ad çıxarıb”. Amma buna zərurət varmı? Yaxud da bu məktəblər üçün yetərincə kadr təmin etmək mümkündürmü? Təbii ki, zərurət də yoxdur, kadr da. Biz bunu illərdir deyirik. İndi isə nazir gerçəkləri dilə gətirməklə bizim haqlı olduğumuzu təsdiqləmiş oldu.
Nazir qeyd etdi ki, hansısa fəndən rus sektoru üçün 100 nəfər müəllim lazımdırsa, o yerlər üçün müraciət edənlərin sayı 10-15 nəfər olur. Yəni açıq şəkildə dedi ki, kadr yoxdur.
Digər bir məsələ isə ondan ibarətdir ki, bir çoxlarının iddiasının əksinə olaraq ən yaxşı nəticələri rus məktəbləri deyil, məhz milli məktəblər göstərir. Halbuki bəzi manipulyatorlar uşaqların rus məktəblərinə üz tutmasını məhz orada daha yaxşı təhsil verilməsi ilə əlaqələndirir. Buyurun, nazirin təqdim etdiyi statistika tam əksini deyir. Üstəlik də rus məktəbləri üçün kadr yoxdur. Belə olan halda rus məktəbi sevdalılarının tək çıxış yolu uşaqlarını da alıb Rusiyaya yerləşmək, orada oxutmaqdır…
Bizcə, həm əməkhaqlarına edilən ciddi əlavələr, həm də nazirin mətbuat konfransında verdiyi açıqlamalar Azərbaycan təhsilinin perspektivi haqqında yetərincə optimist olmağa imkan verir. O baxımdan düşündük ki, biz də bəzi məsələlərə münasibət bildirək, dövlətin bu sahədə siyasətinə dəstəyimizi ifadə edək.
Sonda: Məktəblərin təmərküzləşdirilməsi ilə bərabər öncəki illərdə rüşvət, tanışlıq, tapşırma yoluyla haqqı və uyğun təhsili olmadan məktəblərə soxulmuş parazitləri də təmizləmək lazımdır. Məhz o kəsim aparılan islahatlara ən böyük əngəl təşkil edir. Onların nə savadı, nə də dünyagörüşü yeniliklərə uyğun gəlmədiyi üçün köhnə və eybəcər sistemin qorunması üçün əldən-ayaqdan gedirlər. Bu isə prosesləri əməlli-başlı əngəlləyir…