Son yeniləmə: 24 Avqust 2022 13:37
Məcid Cavadi: Bu adam fars-molla rejimi rəhbərliyinin gecə-gündüz düşündüyü, ancaq hələlik tam formada açıq şəkildə deyə bilmədiyi fikirləri bəyan edib
BAYRAQDAR MEDİA – “Bu adam Əfqanıstanda və İtaliyada İranın səfiri olub. Eləcə də nüvə proqramı məsələsi ilə bağlı Qərblə aparılan müzakirələrdə İran nümayəndə heyətində təmsil olunub. Yəni bu, sıradan bir siyasətçi deyil, sayılıb-seçilən bir diplomatdır. Ona görə də ilk olaraq buna diqqət çəkmək istəyirəm”.
Bunu iranlı diplomat Əbülfəzl Zöhrəvəndin Azərbaycan və Türkiyə haqqında səsləndirdiyi sərsəm “bəyanat”a münasibət bildirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Xatırladaq ki, sözügedən sərsəm bəyanatında Ə.Zöhrəvənd türklərə qarşı ağır həqarətlər edir və “Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir. Əks halda onlar bu ərazini tərk etməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək. Azərilər iranlıdır. Ancaq onlar özlərinə şəxsiyyət müəyyənləşdirirlər. Guya Orta Asiya türklərindən idilər. Onların şiəliyə bağlılığı yoxdur. Namərdlər saxta tarix yazırlar. Biz buna imkan verməməliyik. Azərbaycanın hamısı olmasa da ən azı Naxçıvan İrana ilhaq edilməlidir, bu bizim üçün həyati məsələdir. Çünki Türkiyə Naxçıvan üzərindən Azərbaycan və Orta Asyadaki türklərə bağlanır” deyib. O, hətta “ermənilər tarixən İranın dostu və müttəfiqi olub. Bizim üçün onlar azərilərdən daha üstündür” deyə bildirib.
Bu, Türkiyəyə və Azərbaycana qarşı düşmən mövqedən qaynaqlanır
BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində M.Cavadi bildirib ki, ümumiyyətlə bu fikirlərin açıq şəkildə mətbuata necə yol tapması da qaranlıqdır: “Belə anlaşılır ki, bu adam guya bu dəyərləndirməni özəl olaraq, yəni açıq auditoriya üçün nəzərdə tutulmamaq şərti ilə SEPAH-a mənsub olan mediaya verib. Amma sonradan bu fikirlər necə olubsa mediaya sızıb, yaxud bəlkə də bilərəkdən sızdırılıb. İstənilən halda bu hədsiz sözlər, Azərbaycanın və Türkiyənin ünvanına səsləndirilən təhqirlər qəbuledilməzdir. Hesab edirəm ki, bu hədyanlarla bağlı İran tərəfindən bir açıqlama verilməlidir. Hərçənd ki, bu, az inandırıcı görünür”.
Onun sözlərinə görə, əslində, bu fikirlər İran hakimiyyət dairələrində mövcud olan, ancaq açıq şəkildə bəyan edilməyən antitürk münasibətində, Türkiyəyə və Azərbaycana qarşı düşmən mövqedən qaynaqlanır: “Onun təhqiramiz ifadələr işlətməsi iki məsələdən qaynaqlanır. Birincisi bunlarda, farslarda türklərə qarşı nə qədər nifrətin olduğunu göstərir. İkincisi isə mövcud fars rejiminin türklərlə mübarizədə nə qədər zəif mövqedə olduqlarını nümayiş etdirir. Yəni bu cür fikirlər farslardakı qorxudan, isterik təpkidən irəli gəlir. Digər tərəfdən bu adam Azərbaycanın tarixi, milli varlığını inkar edir. Sonra da açıq şəkildə deyir ki, biz Qarabağ məsələsində səhv etdik”.
Bunlar, əslində, etnik tacikdirlər
Müsahibimizin sözlərinə görə, bu adam Zəngəzur dəhlizinin açılmasına qarşı olduqlarının səbəbini də açıq şəkildə ortaya qoyur: “Deyir ki, “Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, bizim problemimiz olacaq”. Hesab edirəm ki, hər şey gün kimi aydındır. Bu adam fars-molla rejimi rəhbərliyinin gecə-gündüz düşündüyü, ancaq hələlik tam formada açıq şəkildə deyə bilmədiyi fikirləri bəyan edib”.
M.Cavadi sözügedən məsələ ilə bağlı bir məqamın da üzərində dayanıb: “O, hər sözünün başında “İran” deyir. Bu da təsadüfi deyil. Əslində, farslar İran adından istifadə edirlər. Amma İran bunlara dəbilqə kimi lazımdır. Bunlar farsdırlar. Hətta tarixi adları ilə desək, tacikdirlər”.
Bunların “İran” dedikləri etnik taciklərin İranda qurduğu monoetnik dövlətin adıdır
M.Cavadi bildirib ki, Qacarlar sülaləsinə qədər bunların tarixi adı tacik olub: “Səfəvi, Əfşarlar və öncəki dönəmlərdəki mənbələrdə onların adı tacik olub. Qacarların hakimiyyəti zamanından etibarən yavaş yavaş bunlara farsi, yəni fars bölgəsinə mənsub olanlar deyilir. Bir sözlə, bunların “İran” dedikləri etnik taciklərin hazırkı coğrafiyada qurduğu monoetnik dövlətin adıdır. Azlıq olduqları halda digər çoxluq millətləri özlərindən asılı vəziyyətə salıb, müstəmləkə qurublar. İndi də müstəmləkəçiliklərini qorumaq üçün bu cür davranırlar. Yoxsa bunların İran dedikləri ərazi ilə tarixdə – Qacarlar, Əfşarlar və Səfəvilər dönəmində olan İran üst-üstə düşmür. Bu İran son yüz ildə ingilislər tərəfindən süni şəkildə ortaya çıxarılmış bir İrandır”.
Türklərin İrandakı oyanışı bunları qorxuya salıb
“Ümumiyyətlə qeyri-fars millətlərin, xüsusilə də türklərin İrandakı oyanışı bunları qorxuya salıb. Bu oyanış bunların qurduqları, yaxud qurulub bunlara təhvil verilən monoetnik dövlətin varlığını təhlükəyə soxur. Ona görə isterikaya düşüblər. Zatən bunlar müharibə vaxtı Ermənistana əllərindən gələn yardımı etdilər. Azərbaycana ziyan vurmaq üçün Ermənistana hərtərəfli dəstək verdilər. Azərbaycanda məzhəbçilikdən tutmuş radikal terrorçuluğa qədər bütün təxribatlara əl atdılar. Amma heç bir nəticə əldə edə bilmədikləri üçün indi onun stressini yaşayırlar. Bu, fars zehniyyətinin nəticəsidir. O biriləri belə fikirləri qapalı deyir. Amma bu, açıq şəkildə deyib və bir növ İran dövlətini idarə edənlərin zehniyyətini ortaya qoyub”, – deyə M.Cavadi sonda əlavə edib.
[…] İran mollası Naxçıvanı ilhaq etməyə çağırdı […]