Son yeniləmə: 23 Avqust 2022 13:01
BAYRAQDAR MEDİA – Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Nizami rayonunda Əlişir Nəvai küçəsi təmir edilir. 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq təmir edilən küçənin uzunluğu 990, eni ortalama 10,5 metrdir.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, aparılan təmir işləri çərçivəsində küçəboyu frezlənmə və vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir: “Bu istiqamətdə küçəboyu 800 p/m yeni səki daşları düzülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək”.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir. Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 kilometr təşkil edən 7 küçənin təmiri aparılıb.