BAYRAQDAR MEDİA – Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin paytaxt Nur-Sultan şəhərində təntənəli bağlanış mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Qazaxıstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov və nazirliyin digər rəhbər heyəti, hərbi attaşelər, komandaların üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Məlumata əsasən, “Artilleriya atəşinin ustaları” haqqında videoçarx nümayiş etdirildikdən sonra müsabiqədə iştirak edən dövlətlərin bayraqları səhnəyə gətirilib: “Tədbirdə çıxış edən general-leytenant M.Xusainov iştirakçıları salamlayıb və hər bir komandanın yarışlar müddətində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib. Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Qazaxıstan Respublikasının Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib. Bağlanış mərasimində konsert proqramı təqdim olunub”.
Qeyd edək ki, 9 komandanın mübarizə apardığı müsabiqənin yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb.