Son yeniləmə: 23 Avqust 2022 19:03
Dr. Nihat Büyükbaş: Mənim də soyum Qaraqoyunlulardan gəlir
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Dr. Nihat Büyükbaşın Bakıdakı səlahiyyət müddəti artıq başa çatıb. Bu vəzifədə son müsahibəsini BAYRAQDAR MEDİA-ya verən müşavir bir çox maraqlı məqamlara toxunub.
Müsahibəyə keçməzdən öncə bildirək ki, Dr. N.Büyükbaş əvvəllər müəllim, müfəttiş, şəhər təhsil idarəsinin müdiri və Türkiyə Başbakanlığına bağlı olan Atatürk Araşdırma Mərkəzinin sədr müavini vəzifələrində çalışib. O, 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yaqub Mahmudovun rəhbərliyi altında “Türkiyə-Azərbaycan orta məktəblərində tarixşünaslıq və tədrisi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2019-2022-ci illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri olan N.Büyükbaşın buradakı fəaliyyəti dövründə onun müəllifi olduğu “Türklərdə təhsil” (“Türklerde eğitim”) kitabının işıq üzü görüb.
Beləliklə, müsahibəni oxuculara təqdim edirik.
Bu təyinat məni çox məmnun etdi
-Artıq bu vəzifədə fəaliyyətiniz başa çatır. Ümumilikdə bu dövrü necə qiymətləndirərdiniz?
-Mən bu vəzifədə fəaliyyətə 2019-cu il avqustun 22-də başlamışdım. Qeyd edim ki, Cümhurbaşqanının qərarı ilə xarici ölkələrə təhsil müşaviri təyin edilənlər bu vəzifədə üç il fəaliyyət göstərir. Bu baxımdan da 2022-ci ilin 22 avqustunda fəaliyyət müddətimiz başa çatdı. İnşallah, Ankaraya dönəcəyik. Öncə onu qeyd edim ki, bu vəzifədə fəaliyyətə başlayandan 7-8 ay sonra pandemiya dünyanı bürüdü. Tam iki ilimiz pandemiya ilə keçdi. Amma buna rəğmən Azərbaycanla bağlı yaxından maraqlandığım, bura ilə bağlantılarım və fəaliyyətlərim olduğu üçün həmin müddətdə də nəsə etməyə çalışdıq.
-Bəs bu vəzifəyə təyin olunana qədər Azərbaycanla bağlı hansı fəaliyyətləriniz olub?
-Mən bu vəzifəyə təyin olunana qədər təxminən 15 il müddətində Azərbaycana gəlib-getmişdim. Həmin müddətdə Azərbaycan Milli Elmlər Akademiyasında doktorluq elmi dərəcəsini müdafiə etmişdim. Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudov mənim elmi rəhbərim idi. Həmin dövrdə Azərbaycan və türk dünyasındakı təhsili araşdırmışdım. O çərçivədə də “Türkiyə-Azərbaycan orta məktəblərində tarixşünaslıq və tədrisi məsələləri”ni araşdırırdıq. Xüsusilə bura gəlməzdən əvvəl son 7 ilimi bu doktorluq dissertasiyası ilə bağlı araşdırmalara həsr etmişdim.
Eyni zamanda bundan öncəki vəzifəmdə, yəni Türkiyədə Başbakanlığa bağlı Atatürk Mərkəzinin sədri kimi fəaliyyətimdə də Azərbaycanla, Tarix İnstitutu ilə ortaq fəaliyyətlər reallaşdırmışdıq. Bu çərçivədə Azərbaycanın demək olar ki, bütün şəhərlərində elmi konfranslar, xüsusilə də erməni məsələləri ilə bağlı konfranslar keçirmişdik. Bu konfranslar nəticəsində də kitablar nəşr etdik. Həmçinin ortaq türk tarixinin yazılması istiqamətində birgə addımlar atmışdıq. Həm bu fəaliyyətlər, həm də doktorluq dissertasiyası olaraq bu bğlgədəki təhsili araşdırdığım üçün Türkiyədəki Milli Təhsil Nazirliyi, “madam ki, bu işləri görürsən, elə get orda təhsillə bağlı bir işlə məşğul ol, müşavir kimi fəaliyyət göstər” deyərək üç il öncə məni bura göndərdi. Təbii ki, bu təyinat məni çox məmnun etdi. Dolayısı ilə mən Azərbaycanla bağlı təhsil, mədəniyyət, tarix baxımından araşdırmalar aparmışdım deyə bu, buradakı fəaliyyətimi asanlaşdırdı. Gələn kimi də nə edəcəyimi bilirdim.
Dünyada digər iki ölkə arasında olmayan yüksək nəticə
-İlk sualımızın davamı olaraq soruşmaq istərdik ki, bu üç ildə nələr oldu, nələr ola bilərdi?
-Xüsusilə iki ölkə arasında ali təhsil sahəsində əlaqələrin daha da güclənməsinə yönəlik addımlar atdıq. Hədəfimiz Türkiyədən Azərbaycana ali təhsil almağa gələn və Azərbaycandan bu məqsədlə Türkiyəyə gedən gənclərin sayının artmasına nail olmaq idi. Deyə bilərəm ki, gərgin və səmərəli fəaliyyətimiz sayəsində bu sahədə müəyyən nəticələr əldə edə bildik. Bizim bu məsələyə xüsusi diqqət ayırmağımız heç də təsadüfi deyil. Çünki bu gənclər iki qardaş ölkə arasında bağları gələcəkdə daha da gücləndirəcəklər. Bir millət – iki dövlət fəlsəfəsinə bağlı olaraq yetişəcək, ali təhsil alacaq bu gənclərimiz Türkiyədə Azərbaycanın, Azərbaycanda da Türkiyənin daha da dərindən tanıdılmasına, ortaq addımların atılmasına yardım edəcək. Beləliklə, bu gün etıbarı ilə Azərbaycanla Türkiyə arasındakı təhsil əlaqələri, xüsusilə də beynəlxalq tələbə mübadiləsi proqramı çərçivəsində əlaqələr dünyada digər iki ölkə arasında olmayan yüksək bir nəticəyə malikdir. Bu ilə qədər Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 25 minə yaxındır. Bu ilə qəbul olanlar da əlavə ediləndə bu say yəqin ki, 26-27 minə çatacaq. Azərbaycanlı tələbələr Türkiyədə təhsil alan xarici tələbələrin (bu, 180 ölkə arasındadır) 11 faizini təşkil edir. Azərbaycan universitetlərində təhsil alan türkiyəli tələbələrin sayı isə 3 min 150 nəfər təşkil edir. Bu da xarici tələbələrin 50 faizi deməkdir.
-Dediniz ki, son illər iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq istəyənlərin sayı artıb. Təbii ki, bu da özü ilə bir sıra problemlər də gətirir. Bəs həmin problemlərin həlli üçün nələri etdiniz? Eyni zamanda bu üç il ərzində müşahidə etdiyiniz hansı problemlər var ki, sizdən sonra bu vəzifəyə gələcək şəxsə o barədə fikirlərinizi çatdırmaq istərdiniz?
-Biz bu üç il ərzində eyni zamanda düzəni də qurduq. Məsələn, əvvəllər Azərbaycandan Türkiyəyə oxumağa gedən azərbaycanlı gənclər Denklik sənədini almaq üçün müşavirliyə gəlir, saatlarla növbə gözləyir, vaxt itirirdilər. Ancaq biz bu məsələni asanlaşdırdıq. Belə ki, Denklik almaq üçün müraciətlər artıq elektorn qaydada edilir. Hər bir gənc müraciət edərək bəlli zaman müddətində ona uyğun olan saat və günü seçir. Randevu alır. Həmin vaxt gəlib burada sənədlərini təsdiqlədib gedir. Bu zaman sadəcə 15-20 dəqiqə vaxt sərf etmiş olur.
Türkcə təhsil verən məktəblərin sayını artırmalıyıq
-Necə deyərlər, siz də bu sahədə ASAN xidmətə bənzər sistem tətbiq etmisiniz…
-Tamamilə dorğudur. Onu da deyim ki, biz bunu burada çox asanlıqla tətbiq edə bildik. Amma digər ölkələrdəki təhsil müşavirliklərimiz hələ də bunu tətbiq etməkdə çətinlik çəkirlər. Bizim burada uğur qazanmağımızın bir səbəbi də dil probleminin olmamasıdır. Veb səhifəsini və müraciət formaları barədə qaydaları paylaşırıq, azərbaycanlı gənclər dərhal qeydiyyatdan keçirlər. Nəticədə də dediyiniz kimi, ASAN xidmət formasında bir sistem vasitəsilə işi asanlaşdırmışıq. Bu sistem üzrə gündə 125 adamı qəbul edə bilirik. Ona görə bəzən 3-4, bəzən də bir ay sonraya randevu verə bilirik. Amma sənədləri tez bir zamanda təsdiqlənməli olanlar üçün də addımlar atırıq ki, onların da işi ləngiməsin. Bir sözlə, sistem formalaşıb. Məndən sonra gələcək arxadaşa da bununla və digər məsələlərlə bağlı tövsiyələrimi yazılı şəkildə verəcəyəm. Onu da tövsiyə edəcəyəm ki, türkcə təhsil çərçivəsində daha çox çalışmağımız lazımdır. Yəni Azərbaycanda xarici ölkələrdən olan və əcnəbi dildə təhsil verən məktəblər var. Halbuki biz türkcə təhsil verən -istər Azərbaycan, istərsə də Türkiyə türkcəsi olsun- məktəblərin sayını artırmalıyıq. İnsanları öz uşaqlarını bu məktəblərdə oxutmağa təşviq etməliyik. Bu məqsədlə həm Azərbaycanda, həm də Türkiyədə çox gözəl məktəblər qurmalıyıq. Həmçinin, universitetlərdə təhsil alanların sayının daha da çoxalması üçün daim çalışmalıyıq. Yeni imkan və şaritlər yaratmalı, daha keyfiyyətli tədris üçün çalışmalıyıq. Pandemiya dönəmində biz Azərbaycan universitetlərində təhsil alan türkiyəli gənclərin onlayn tədrisi üçün də dəstəyimizi göstərdik. Artıq hazır bir sistem formalaşdırmışıq. Amma düşünürəm ki, bizdən sonra da bu istiqamətdə işlər davam etdirilməlidir.
Biz də bu tarixi Zəfərin coşqusunu yaşadıq
-Fəaliyyət dövrünüz həm də Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsinə təsadüf etdi. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı…
-Azərbaycanlı bacı-qardaşlarımız kimi biz də bu tarixi Zəfərin coşqusunu yaşadıq. Öncə onu deyim ki, 44 günlük Vətən müharibəsində Türkiyə hər an Azərbaycanın yanında oldu. Bu savaşın hər gününü Türkiyədəki demək olar hər kəs Azərbaycanla birgə yaşadı. İnsanlarımız meydanlara çıxaraq Azərbaycanın bu haqq savaşında qardaş ölkəyə dəstək olmaq, müharibədə iştirak etmək istədiklərini bəyan etdilər. Eyni zamanda sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan başda olmaqla Türkiyənin bütün rəhbər şəxsləri Azərbaycanla həmrəylik nümayiş etdirdilər. Bir sözlə, bu savaş həm də Türkiyə-Azərbaycan qardaşlığının növbəti dəfə sınaqdan üzüağ çıxması üçün tarixə düşdü. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə torpaqlarını işğaldan azad edərək tarix yazdı. Onu da deyim ki, Azərbaycanın bu Zəfəri Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, türk dünyası üçün də bir təkan rolunu oynadı. Mən bunu bir dəfə demişəm, bir daha təkrar edirəm. Azərbaycanın bu Zəfərindən sonra türklərin özünə inamı birə min artdı. Dolayısı ilə Azərbaycanın Qarabağ zəfəri təkcə Azərbaycan türkləri üçün deyil, Anadolu türkləri, ümumilikdə türk dünyası üçün önəmli bir dönüş nöqtəsi oldu. Çünki türklər tarixdə ilk dəfə özünün istehsal etdiyi silahla, öz əsgərləri ilə, özünün yetişdirdiyi zabitlərlə, ən əsası milli vətənpərvərlik ruhunda yetişdirilmiş gənclərlə müharibədə zəfər qazandı. Özü də tarixə qızıl hərflərlə yazılacaq bir zəfər.
-Sizin buradakı fəaliyyətiniz dönəmində həm də “Türklərdə təhsil” (“Türklerde eğitim”) işıq üzü gördü. Müəllifi olduğunuz kitabın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Düz qeyd etdiniz ki, bu üç illik fəaliyyətim həm də “Türklərdə təhsil” (“Türklerde eğitim”) kitabının işıq üzü görməsi ilə yadda qaldı. Biz bu kitabda türk toplumlarının tarixdən bu günə qədər insan yetişdirmə üsullarını təhlil edərək onların bu günə olan yansımalarını araşdırıq. Türk toplumlarının müstəqil, güclü dövlətlər olaraq varlıqlarını əbədi davam etdirə bilmələri üçün təhsil, elm və texnologiya ilə bağlılığı, sabahın nəsillərini bu gün yetişdiririksə, gələcəyi necə müəyyənləşdirməli, müstəqil düşünə bilən fərdləri necə yetişdirməliyik kimi suallara cavab axtardıq. Türk dünyasının insan yetişdirmə nizamına dair effektiv təhsil, türkcə təhsil və milli tarix şüurunun axtarışına töhfə vermək məqsədilə yazılan kitab Ankarada nəşr olunub.
Ankarada bir eviniz, bir dostunuz var
-Bundan sonra harada çalışacaqsınız?
-Mən Türkiyə Milli Təhsil Nazirliyinin mərkəzi aparatında, Ankarada çalışacağam. Bütün azərbaycanlılara demək istəyirəm ki, Ankarada bir eviniz, bir dostunuz var. Orada işləyən, yaşayan, yaxud təhsil alan azərbaycanlıların da hər hansı problemləri olacağı təqdirdə çəkinmədən bizə müraciət edə bilərlər. Onların hər birinə sanki bir Azərbaycan vətəndaşı kimi dəstək olmağa çalışacağam.
-BAYRAQDAR MEDİA olaraq sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzu edirik…
-Çox sağ olun. Mən də çox təşəkkür edirəm. Bu üç illik fəaliyyətimiz müddətində Azərbaycan mediası, başda siz olmaqla buradakı fəaliyyətlərimizi çox yaxından izlədi və bizə media dəstəyini göstərdi. Pandemiya qadağalarına rəğmən vətəndaşlar işlərimizi bacara bildikləri qədər asanlaşdırdılar.
Bu sırada həmin vaxtlar vətəndaşların göstərdiyi diqqət və həssaslığa görə xüsusi təşəkkür edirəm. Mən həmin vaxt göstərilən diqqət, qayğı və həssaslığı heç zaman unutmayacağam. Son olaraq onu deyim ki, qardaş Azərbaycan bizim ata yurdumuzdur. Mənim də soyum Qaraqoyunlulardan gəlir. Ulu babamın adı Cahanşah olub. Cahanşah Qaraqoyunlu dövlətinin beşinci sultanı olub. Dolayısı ilə hamımız bu torpaqlardan cücərmişik. Hamımız bu torpaqlara bağlıyıq. Mən burada heç qəriblik çəkmədim. Çünki dediyim kimi, bura bizim ata yurdumuzdur. İndi də ata yurddan ana yurda gedirəm.
[…] Hamımız bu torpaqlara bağlıyıq […]