Son yeniləmə: 23 Avqust 2022 14:21
BAYRAQDAR MEDİA – Tbilisidə fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzi Gürcüstanda yaşayan soydaşlarımıza təmənnasız yardım edir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.
Qeyd edilib ki, heç bir vəsait ödəmədən mərkəzin xidmətlərindən istifadə edən Sabir Hümbətov diqqətə görə minnətdarlıq edib: “Torpaq məsələsinə görə problemimiz vardı. Öyrəndik ki, azərbaycanlılara yardım edən belə hüquqi mərkəz var. Müraciət etdik. Mərkəzin sədri Əli Bədirov torpağa görə tələb olunan sənədləşmə məsələsini həll etdi. Heç bir xərcimiz çıxmadı. “Qanun” Hüquqi Yardım Mərkəzinə təşəkkür edirik”.
Vurğulanıb ki, DİDK-in dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində mərkəz hüquqi problemlərlə qarşılaşan soydaşlarımıza təmənnasız hüquqi yardım xidməti göstərir: “Bu xidmət təkcə Tbilisidə deyil, ölkənin digər şəhər və rayonlarında yaşayan Azərbaycan əsilli Gürcüstan vətəndaşlarını əhatə edir. Ucqar kəndlərdən paytaxta gələ bilməyən soydaşlarımız üçün mərkəzin əməkdaşları həmin yerlərdə xüsusi qəbul günləri təşkil edirlər.Bundan başqa, mərkəz yerli azərbaycanlı sakinlərə daha çox məsləhətlər vermək üçün maarifləndirici tədbirlər keçirmək niyyətindədir. Qeyd edək ki, “Qanun” Hüquqi Yardım Mərkəzi 14 may 2022-ci ildən fəaliyyətə başlayıb.Mərkəzin ofisi Tbilisinin Kazbeqi küçəsi-44 ünvanında yerləşir”.