Ayşən Aslan-Məmmədli
Bakı Dövlət Universitetinin müəllimi
BAYRAQDAR MEDİA – İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan arasında başlanan sülh prosesində əsas problemli məsələlərdən biri də bölgədə kommunikasiya əlaqələrinin bərpası, daha dəqiq desək, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələr və əsassız iddialarla yubatması iki ölkə arasında davamlı sülhün yaranmasına başlıca maneələrdən biri kimi dəyərləndirilməlidir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsinin Ermənistan qarşısında Zəngəzur dəhlizinin açılması öhdəliyini qoymasına baxmayaraq rəsmi İrəvan həmin bəndi təhrif edərək bu öhdəliyini həyata keçirməməyə çalışır. Ölkəmizin mövqeyi isə ondan ibarətdir ki, üçtərəfli bəyanatla tərəflərin üzərinə götürdüyü bütün öhdəliklər həyata keçirilməlidir və öhdəliklərin həyata keçməməsi bölgədə münaqişə riskini davamlı olaraq artıracaq.
Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlarda qeyri-konstruktiv və pozucu mövqe tutmasında bir sıra amillər ciddi rol oynayır ki, onlardan biri də qonşu İran dövlətinin bu məsələdə nümayiş etdirdiyi mövqedir. Rəsmi Tehran əsassız olaraq Zəngəzur dəhlizinin açılmasını özünün şimal sərhədlərinin (Ermənistan tərəfdən) bağlanması kimi təqdim edir və bununla da iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpasına mane olmağa çalışır. İranın belə bir mövqe sərgiləməsinin əsas səbəblərini belə qeyd etmək olar:
-geosiyasi amillər (İranın əsas rəqiblərindən biri olan Türkiyənin bölgədə təsirinin artması, “türk zolağının” formalaşması, Azərbaycanın mövqeyinin güclənməsi);
-geoiqtisadi amillər (İranın tranzit əhəmiyyətinin azalması, perspektivdə Şərqlə Qərb arasında ”orta dəhlizin” reallığa çevrilməsi və s.).
Bir vacib məqamı da əlavə etmək istərdim ki, Zəngəzur dəhlizinin açılması hətta Ermənistanın da maraqlarına cavab verir. Özünün təcavüzkar siyasətinə görə otuz ilə yaxın dövr ərzində təcrid vəziyyətinə düşən ölkə bu dəhlizin açılması ilə həm dünya, həm də üzvü olduğu Avrasiya İqtisadi İttifaqı ilə geniş tranzit əlaqələrinə girmiş olacaq. Dənizlərə çıxışı olmayan bir ölkə üçün bunun nə demək olduğunu, fikrimcə, geniş izah etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qeyri-rasionallıq, azərbaycanofobiya, türkofobiya meylləri erməni siyasətinə o qədər hakim kəsilib ki, öz maraqlarına uyğun olan addımları atmaqdan belə çəkinirlər.
Bütün bunlara baxmayaraq, son zamanlar iki ölkə arasında baş verən proseslər və bütövlükdə region dövlətlərinin Zəngəzur dəhlizinin açılması məsələsində köklü maraqları onu deməyə əsas verir ki, yaxın perspektivdə bu dəhliz nəhayət ki, açılacaq.
Ermənistan üçtərəfli bəyanatla (10 noyabr) üzərinə götürdüyü öhdəliklərdən üçünü bu günə qədər həyata keçirməyib ki, onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Digər iki öhdəliyin həyata keçirilməməsi Qarabağda hələ də erməni hərbi birləşmələrinin mövcudluğunu davam etdirməsi və Laçın dəhlizinin, o cümlədən də, Laçın şəhəri və yaxınlıqdakı kəndlərin bizim nəzarətimizə qayıtmamasıdır. Artıq Azərbaycanın siyasi-diplomatik, hərbi təzyiqlərindən sonra Ermənistan avqustun 25-dək Laçın şəhərini və dəhlizini, həmçinin, Zabux və Sus kəndlərini bizim nəzarətimizə qaytaracaq. Eyni zamanda, Qarabağda olan erməni hərbi birləşmələrinin çıxarılması ilə bağlı da son zamanlar Ermənistan rəsmiləri pozitiv açıqlamalar verməkdədir.
Yeri gəlmişkən qeyd edək ki, son vaxtlara qədər Ermənistan hər iki öhdəliyini həyata keçirməkdən müxtəlif bəhanələrlə imtina edirdi. Yalnız dövlətimizin düşünülmüş siyasi-diplomatik fəaliyyəti, hərbi reveransları Ermənistanı geri çəkilməyə vadar etdi. Artıq sırada Zəngəzur dəhlizinin açılması məsələsidir desək, fikrimcə, yanılmarıq. Həm də nəzərə almaq lazımdır ki, əvvəldə də qeyd olunduğu kimi, bir sıra region dövlətləri də bu dəhlizin açılmasında maraqlıdır. Daha dəqiq desək, qardaş Türkiyə Cümhuriyyəti və qonşu Rusiya Federasiyası Zəngəzur dəhlizinin açılması məsələsində ölkəmizlə təxminən eyni mövqeni bölüşürlər.
Ankaranın maraqları baxımından yanaşsaq, Zəngəzur dəhlizinin açılması Türkiyəyə Azərbaycan və Orta Asiyanın türk dövlətləri ilə etibarlı quru əlaqəsini yaratmağa imkan verir. Bu amil Türkiyənin regionda həm geosiyasi, həm də geoiqtisadi baxımdan mövqelərinin güclənməsinə xidmət edəcək.
Rusiya üçün Zəngəzur dəhlizinin açılması Ukraynaya hərbi müdaxiləsi səbəbindən Qərb tərəfindən təcrid edilən ölkənin Türkiyə və Avrasiya İqtisadi İttifaqında tərəfdaş olduğu Ermənistanla geniş tranzit əlaqələrinin qurulmasına imkan verəcək.
Beləliklə, həm Ermənistan və Azərbaycan arasında baş verən son proseslər, həm də regionda maraqları olan böyük dövlətlərin strateji yanaşması yaxın perspektivdə Zəngəzur dəhlizinin reallığa çevrilməsini mümkün edəcək.