Füzuli BARAT / Fotolar müəllifindir
BAYRAQDAR MEDİA – Avqustun 21-də Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında ”Ulduzlar” Ədəbi Məclisinin növbəti məşğələsi keçirildi.
Bugünkü tədbirdə həm də məclisin üzvü, ixtisasca riyaziyyatçı olan istedadlı şair Sabir Nemətovun müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik, məhəbbət mövzularında və bir az da satirik şeirləri toplanmış sayca ikinci – “Yalanlar içində” adlı kitabının təqdimatının keçirilməsi planlaşdırılmışdı.
Kitab təqdimatına gələn qonaqlar arasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyi Quba filialının sədri, bütün türk dünyasında tanınmış şair Ramiz Qusarçaylı, Əməkdar jurnalist Azər Həsrət və Qubadakı “Gülüstan” elmi-ədəbi məclisinin sədri, “Əmək şöhrəti” ordenli Ali kateqoriyalı müəllim, ADPU Quba filialının “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi, AYB və AJB-nin üzvü, publisist-yazar Şıxamməd Seyidməmmədov da iştirak edirdi.
Məclisin sədri Fərzalı Ziyanur qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra F.Ziyanur Məclisin məqsəd və məramını izah edib sözü şair R.Qusarçaylıya verdi. R.Qusarçaylı təklif etdi ki, tədbir 2 hissədən ibarət olsa daha maraqlı olar. 1-ci hissə “Ulduzlar” Ədəbi Məclisi üzvlərinin tanınmış elm xadimi, istedadlı alim, şair Ş.Fazillə görüşü, 2-ci hissə isə “Ulduzlar”ın üzvü, şair Sabir Nemətovun yenicə işıq üzü görmüş “Yalanlar içində” kitabının təqdimatına həsr edilsin.
Müasir poeziyada öz imzası ilə şöhrət qazanmış R.Qusarçaylı IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni prosesləri xronoloji ardıcıllıqla qələmə aldığı “Quba tarixi” əsərinin, onlarla tarixi araşdırmaların və elmi əsərlərin müəllifi, 5 divan – divanlar “Xəmsəsi” ərsəyə gətirən, türk, fars, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan ilkin mənbə və tədqiqatlar əsasında yazılan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı kitabın müəllifi Ş.Fazil haqqında tədbir iştirakçılarına geniş məlumat verdi, onun “Ay işığı” Ədəbi Məclisinin (Quba) yaxın dostlarından biri olduğunu bildirdi və 2020-ci ilin yanvarında Şahin Fazilə həsr etdiyi şeirini oxudu.
Min illərin Şahini
Şah dağının sirr daşı, Babadağın pir daşı,
Şah düzünün dürr daşı, Tufandağın hürr daşı,
Min illərin Şahini…
Ağ zirvədi, ağ bulud, ağ kölgə, ağ qaranlıq,
Ağ ulduzdu, ağ üfüq, ağ səhər, ağ toranlıq,
Min illərin Şahini…
Yeddi çalar, yeddi rəng, yeddi hava, yeddi yol,
Yeddi dastan, yeddi səs, yeddi keçid, yeddi qol,
Min illərin Şahini…
Yerdə yastı balaban, telli saz, qara zurna,
Göydə bir şəfəq yazı, lələk, üç telli durna,
Min illərin Şahini…
Ahı “Kəsmə şikəstə”, nərəsi “Mahur hindi”,
“Məcməüş-şüara”dı, “Təzkireyi-Şahin”di,
Min illərin Şahini…
Alim, şair, tarixçi, tərcüməçi, şərqşünas,
“Dədə Qorqud”, “Koroğlu”, “Oğuz Xan”, “Alp Ər”, “Manas”,
Min illərin Şahini…
Qədim Manna, Midiya, Atropatena, Alban,
“Qanlı dərə”, “Çənlibel”, “Çanaqqala”, “Çaldıran”,
Min illərin Şahini…
Otuz yeddi kitabı, bir “Xəmsə” – beş “Divan”dı,
Bu tayda “Sandıqtəpə”, o tayda “Kənduvan”dı,
Min illərin Şahini…
“Azərbaycan haykusu”, canlı “Quba tarixi”,
Və Həsən bəy Rumlunun “Əhsənüt-təvarix”i,
Min illərin Şahini…
“Səfəvilər dövründə din və dövlət” əsəri,
Əfqanıstan notları – “Zəfər təranələri”,
Min illərin Şahini…
Qəlbində Allah eşqi, peyğəmbər məhəbbəti,
“İmam sevgisi”, “Yenə görüşərik”, “Əllərini ver mənə”,
Min illərin Şahini…
“Qırxnamə” – qırx şeirdən ibarət elegiya,
“İlnamə” – sənsizəm mən, nə deyim bu dünyaya…
Min illərin Şahini…
Kitab-kitab güllənir hər nazın tarixindən,
Bu “Dünyanı bəzəyən Abbasın tarixi”ndən,
Min illərin Şahini…
“Mir Veys və Şah Hüseyn”, “Tiflisinin naməsi”,
“İran səfərnaməsi”, “Yapon səfərnaməsi”,
Min illərin Şahini…
“Xristian səyyahın tarixi” və “Qəzəllər”,
Çiçək-çiçək boylanan məlahətli gözəllər,
Min illərin Şahini…
Əruzun söykənc yeri, hecanın güvənc yeri,
“Qoşma”ların nurani, haykuların gənc yeri,
Min illərin Şahini…
“Yazıçı”, “Azərnəşr”, “Əbilov qardaşları”,
“Gənclik”, “Elm və təhsil” – kitab cəfadaşları,
Min illərin Şahini…
“Ay işığı”, “Gülüstan”, “Ulduzlar”dı, “Şabran”dı,
Bir az bağdı, bir az bar, bir az da “Bağiban”dı,
Min illərin Şahini…
Təbriz, Daşkənd, İstanbul, konfranslar, çıxışlar,
Polşa, Kipr, Rusiya, kürsü-kürsü baxışlar,
Min illərin Şahini…
Vəlvələdi, Qudyaldı, Qusarçaydı, Samurdu,
Ural, Sibir, Tundra, Yeniseydi, Amurdu,
Min illərin Şahini…
Dağ yolları, dağ çayı, duman-duman pərdələr,
Dəli-dolu nərələr, havalı kişnərtilər,
Min illərin Şahini…
Afurca şəlaləsi, Təngə qayalarıdı,
Qız Bənövşə nağılı, Səttar boyalarıdı,
Min illərin Şahini…
Ömrün səksən yaşında, yüzün inadındadır,
Sevginin yüyənində, eşqin qanadındadır,
Min illərin Şahini…
Ramiz Qusarçaylıya yetdi sözün ecazı,-
Bir dünyadı, bir özü, bir də Tanrıdan yazı,
Min illərin Şahini…
R.Qusarçaylının geniş məlumatlı şeirindən sonra istərdim həmyerlimiz, tanınmış şair, şərqşünas, mütərcim, alim ziyalımız Ş.Fazil haqqında dəqiq məlumatları əlavə edim.
Şahin Fazil 1940-cı ildə Qubada anadan olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra ADU (indiki BDU) Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində təhsil alıb. 1963-cü ildə beşinci kursda olarkən SSRİ İqtisadi Əlaqələr Dövlət Komitəsi tərəfindən Əfqanıstana tərcüməçi kimi ezam olunub. Bir ildən sonra Bakıya qayıdaraq dövlət imtahanlarını verib və diplom alıb. Dərhal yenidən Əfqanıstana göndərilib, Şibirqan əyalətinin Çinlə sərhəddə yerləşən Səripol şəhərində 2 il işləyib. 1966-cı ildə xaricdən qayıdıb oxuduğu fakültədə dekan müavini işləyib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Aspiranturasına daxil olub, lakin yenidən Əfqanıstana tərcüməçi kimi göndərilib. 1970-ci ildə Vətənə qayıdıb 3 il Akademiyanın Tarix İnstitutunun əyani aspirantı olub, bu müddəti başa vurduqdan sonra “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1974-cü ildə yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib və tarix elmləri namizədi adına layiq görülüb.
Üçüncü dəfə 5 il Əfqanıstanda işlədikdən sonra Vətənə qayıdan Ş.Fazil 1983-1985-ci illərdə Tarix İnstitutunda yüksək vəzifələrdə işləmiş, lakin yenidən dördüncü dəfə Əfqanıstana dəvət olunaraq SSRİ-nin Əfqanıstandakı Baş Müşavirinin mütərcimi olmuşdur.
1988-1992-ci illərdə Əfqanıstan hökumətinin dəvəti ilə yenidən həmin ölkənin müxtəlif nazirliklərində, sonradan Nazirlər Şurasında fəaliyyət göstərib.
1996-cı ildə uzunmüddətli ezamiyyətlərə son qoyub, doktorluq dissertasiyası müdafiə edib, 2004-cü ildə professorluq elmi diplomuna layiq görülüb.
Əfqanıstanda işlədiyi dövrdə Əfqanıstan dövlətinin çoxsaylı fəxri adlarına, “Sədaqət” ordeninə, “Səvr” inqilabının 10 illiyi” ordeninə, “Qədirbilən Əfqan xalqı adından” medalına layiq görülüb…
…Ş.Fazil bir aylıq məzuniyyətini Qubada keçirdiyini qeyd etdi və bildirdi ki, bu gün məzuniyyətinin son günü olduğuna baxmayaraq “Ulduzlar” Ədəbi Məclisinin fəaliyyətini internetdən izlədiyinə görə bugünkü tədbirdə mütləq iştirak etməyə qərar verib. Titul və fəxri adlarını sadalamaqla qurtarmayan 82 yaşlı professor, ustad söz sərrafının ulduzlarla görüşü çox yaddaqalan oldu. Ustad maraqlı çıxışından sonra gənc şairlərin suallarını cavablandırdı, “Mənim bədənimdə iki ürək var”, “Kimə gedirsən get, şairə getmə” şeirlərini söylədi. Qubada keçirdiyi bir aylıq məzuniyyətinin sonuncu gününü Xaçmazda, “Ulduzlar” Ədəbi Məclisində keçirən Ş.Fazil belə bir görüşdən çox məmnun qaldığını bildirdi. Yeni kitabı çap edilmiş Sabir Nemətova və bütün ulduzlara yeni yaradıcılıq uğurları arzuladı. O, məsləhət gördü ki, Sabir müəllim yazılarına Sabir Nemət kimi imza atsa daha nemətli olar.
Ş.Fazil “Ulduzlar”a hədiyyə etmək üçün gətirdiyi “Qocalığın mübarək” kitabını Məclisin sədri Fərzalı Ziyanura təqdim etdi.
Sonra söz alan “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov da Ş.Fazilin elmi-ədəbi fəaliyyətinin müasir poeziya aləmində böyük yer tutduğunu bildirdi. Onun 20-dən artıq kitabının “Gülüstan” Elmi-Ədəbi Məclisinə hədiyyə edildiyini bildirdi.
Əməkdar jurnalist Azər Həsrət “Ulduzlar” Ədəbi Məclisi, Ş.Fazil, S.Nemətov, R.Qusarçaylı və ayrı-ayrı şairlər barədə xoş sözlər danışdı.
Fəal oxucu, filoloq, bədii ədəbiyyat həvəskarı Tahir Musayev Ş.Fazil yaradıcılığı haqqında geniş danışdı.
AJB-nin üzvləri Məhərrəm Mustafa və Mövlud Ağamməd, Sahib Məmmədov (Pirnəzər), AYB üzvləri Gülümbala Nəsirli, Səxavət Ənvəroğlu, Məmməd Qədir, AJB üzvləri Füzuli Baratov, Telman Təravət, Fərzalı Ziyanur, Pənah Elqəm, İntiqam Məlikov, Sabir Nemətov Ş.Fazil yaradıcılığına dəyər verdiklərini bildirdilər, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.
Tədbir rəmzi olaraq iki hissəyə bölünsə də çıxış edənlər hər iki bölümdə öz xoş sözlərini, təbriklərini bildirirdilər.
R.Qusarçaylı S.Nemətovun “Yalanlar içində” kitabı haqqında məlumat verdi. O, Sabir müəllimin vətənpərvərlik mövzusunda, məhəbbət mövzusunda, zəmanəmizdə baş verən bəzi neqativ hallarla mübarizə məqsədilə satirik mövzuda yazılmış şeirlərində onun özünəməxsus bir yol tutduğunu, heç kimi yamsılamadığını qeyd etdi. “Azərbaycan bayrağı” şeiri ilə məşhurlaşmış şair S.Nemətovun eyni adlı şeirinin möhtəşəm olduğunu qeyd etdi. Ordakı:
“Sən millətin nəbzisən, sən ürək, can bayrağı, –
Azərbaycan bayrağı…”
ifadəsinə bir kitab yazmağın mümkünlüyünü bildirməklə şeir haqqında xoş sözlər dilə gətirdi.
Ş.Fazil qısa vaxt ərzində oxuduğu şeirlərdə dərin məzmun, gözəl bədii ifadələr və çalarlar olduğunu bildirdi.
A.Həsrət və şair Ş.Seyidməmmədov Sabir müəllimin şeirlərində çəkinmədən həqiqəti üzə deməsini, çatışmazlıqları qələmə alaraq satirik şeirin dili ilə oxuculara çatdırmasını vurğuladılar. Şıxamməd müəllim müəllifin “Ağar, saçım, ağar daha” şeirini oxudu.
Publisist-yazar Mehrəli Qulu Sabir müəllimin yaradıcılığına kitabda verdiyi rəyi oxudu. Şair Gülümbala Nəsirli və Telman Təravət öz şeirləri ilə Sabir müəllimi təbrik etdilər. Fəal oxucu Tahir Musayev Sabir Nemətov yaradıcılığının yığcam təhlilini verdi.
Sabir müəllimin nəvələri Fəxriyyə Yunusova və Şəhla Bilalova öz babalarının şeirlərindən nümunələr oxudular.
Yeni kitabının işıq üzü görməsi münasibətilə Sabir Nemətovu təbrik edən Məclis üzvlərindən Pənah Elqəm müəllifin “Günəş və yer” şeirini, Səxavət Ənvəroğlu “Səsi könlümün” şeirini, Böyükağa Ağa “Kimi sevdi, bəyəndi” şeirini və bu gün yazdığı özünün bir satirik şeirini səsləndirdi.
Yazıçı Məhərrəm Mustafa öz aforizmi ilə Sabir müəllimi təbrik etdi. Şair Nəzər Mirzəyev “Milçək barədə təmsil” və Sabir müəllimə həsr etdiyi “Düz adamlar” şeirini oxudu. Şair Məmməd Qədir, müəllim-şair Nadir Zamanov, Mövlud Ağamməd, Müşfiq Qərib, gənc şair İntiqam Məlikov, Sabir müəllimin sinif yoldaşı Feyzulla Həsənov, tədqiqatçı-jurnalist Füzuli Baratov və Fərzalı Ziyanur Sabir müəllimi təbrik edib ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda “Yalanlar içində” kitabının müəllifi Sabir Nemətov yaradıcılığına verilən dəyərə, deyilən xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi, şeirlərindən maraqlı nümunələr oxudu.