BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanda avqustun 23-də ümummilli matəm günü elan edilib. Bununla bağlı ölkə Prezidenti Sadır Caparov Fərman imzalayıb.
Xəbəri BAYRAQDAR MEDİA-ya Prezidentin ofisindən veriblər.
Fərmanda qeyd edilir ki, 21 avqust 2022-ci ildə Rusiyanın Ulyanovsk vilayətində bir yol-nəqliyyat qəzası nəticəsində Qırğızıstanın 14 vətəndaşı həlak olub.
Həlak olanlardan dolayı dərin hüznlə və onların yaxınlarına başsağlığı diləkləri ilə Prezident qərara alıb ki, 2022-ci il avqustun 23-ü Qırğızıstanda ümummilli matəm günü elan edilsin. Qeyd edilib ki, həmin gün bütün ölkə boyu, eyni zamanda Qırğızıstanın xaricdəki təmsilçiliklərində dövlət bayrağı endiriləcək.
Eyni zamanda ölkədə və onun təmsilçiliklərində əyləncə xarakterli tədbirlərin keçirilməməsi də Fərmanda tövsiyə olunub.
Əlavə edək ki, avqustun 23-də qardaş ölkənin Bakıdakı səfirliyi də matəm rejimində işləyəcək. Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Qırğızıstanın səfiri Kayrat Osmonaliyev verib.
K.Osmonaliyev bildirib ki, avqustun 23-də saat 10-12 arası və 14-18 arası səfirlik başsağlığı diləmək istəyənlər üçün açıq olacaq.