Son yeniləmə: 22 Avqust 2022 16:52
BAYRAQDAR MEDİA – Avqustun 22-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb: “Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Ötən 25 ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcudluğunu məmnunluqla qeyd edən nazir müavini Serbiyanın Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biri olduğunu bildirib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Xələf Xələfov Azərbaycan və Serbiya arasında digər sahələrdə, o cümlədən nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün potensialın mövcud olduğunu ifadə edib”.
Məlumata əsasən, regionda yeni reallıqların yaranması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh və quruculuq səylərindən bəhs edən nazir müavini ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunu bildirib.
Sonra Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç tədbirdə çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının 1997-ci il avqustun 21-də qoyulmasına baxmayaraq, əlaqələrimizin inkişaf tarixinin daha qədim olduğunu ifadə edib: “Azərbaycanı və Serbiyanı oxşar keçmiş və çağırışların daha da yaxınlaşdırdığını bildirən səfir münasibətlərin inkişafında qarşılıqlı ali səfərlərin rolunu xüsusi olaraq vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, çoxtərəfli platformalarda səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Draqan Vladisavljeviç bu xüsusda ötən il Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbirinin təşkilində Azərbaycan və Serbiyanın əməkdaşlığını xatırladıb. Sonda səfir diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə öz təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bundan sonra da iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişafını arzu edib”.
Sonda iştirakçılar Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.