Son yeniləmə: 22 Avqust 2022 13:36
Cavid Aydın: Eskişehir Azərbaycanlılar Dərnəyi 2010-ci ildən bu günə kimi bir çox yaddaqalan tədbir və layihələrə imza atıb
BAYRAQDAR MEDİA – Bu gün dünyanın müxtəlif yerlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Xaricdə öz fəaliyyəti ilə fərqlənən diaspor təşkilatlarımızdan biri də Eskişehir Azərbaycanlılar Dərnəyidir.
Avqustun 22-də bu qurumun rəsmi açılışının, yəni rəsmi fəaliyyətə başlamasının 12-ci ili tamam olur. Dərnəyin sədri Cavid Aydını bu münasibətlə təbrik etməklə yanaşı, ondan ötən illərə qısa ekskurs edilməsini xahiş etdik.
BAYRAQDAR MEDİA-ya bununla bağlı açıqlamasında dərnək sədri dedi ki, 2010-cu ilə qədər Eskişehirdə olan, yaşayan və oxuyan tələbələr olaraq onların hər hansı bir rəsmi qurumu olmayıb: “Ona görə də bizlər başqa qurumlar vasitəsilə Azərbaycanın tanıdılması yönündə fəaliyyətlər aparırdıq. Ancaq zaman içində Eskişehirdə yaşayan soydaşlarımızın sayının artması diaspor və lobbiçilik fəaliyyətinin zəruriliyini ortaya çıxardı. Bu istiqamətdə atdığımız addımlar öz nəticəsini verdi və 22 avqust 2010-cu ildə rəsmi açılışla Dərnəyin quruluşunu bəyan etdik”.
C.Aydın qeyd edib ki, Azərbaycançılıq ideologiyası, qurumun adından da göründüyü kimi, bu dərnəyin qurucuları üçün çox vacib rol oynayır: “Məhz bu səbəbdən qurumun adını Eskişehir Azərbaycanlılar Dərnəyi qoymuşuq. Məqsəd bütün soydaşlarımızı bu ideologiya ətrafında toplamaq və güclü lobbiçilik fəaliyyəti həyata keçirməkdir. Hazırda 96 nəfər rəsmi üzvümüz var. Ancaq bu, Eskişehirdəki azərbaycanlıların tam sayı deyil. Bu, rəsmi şəkildə Dərnəyə üzv olanların sayıdır. Eskişehirdə 700-ə yaxın azərbaycanlı tələbə var. Amma həmin tələbələr daimi olaraq Eskişehirdə yaşamadıqları, yəni, buranın vətəndaşı olmadılqları üçün onları rəsmi üzv etmirik. Yəni Eskişehirdə daimi yaşamağa qərar verən və Türkiyə Cümhuriyyətinin vətəndaşlığını alan soydaşlarımızı Dərnəyə üzv edirik. Bununla belə azərbaycanlı tələbələrlə daim maraqlanır, tədbirlərimizə onları da dəvət edirik”.
Dərnək sədri qeyd etdi ki, 2010-ci ildən bu günə kimi bir çox yaddaqalan tədbir və layihələrə imza atıblar: “Deyə bilərəm ki, 12 illik fəaliyyət heç də hədər getməyib. Bu illər ərzində Dərnək tərəfindən zəngin tədbirlər proqramı reallaşdırılıb. Azərbaycanın bayram və faciəli günləri, tarixi hadisələrlə bağlı tədbirlərdən tutmuş ölkəmizin dahi şəxsiyyətlərinin, musiqisinin, mədəniyyətinin, tarixinin, Güney Azərbaycan və Qarabağ həqiqətlərinin tanıdılmasına qədər zəngin fəaliyyət proqramımız var. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümləri və anım günü ilə bağlı çeşidli tədbirlər keçirmişik. Həmçinin tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün dərnək tərəfindən müxtəlif müzakirələr, bilik yarışları keçirilir, müxtəlif istiqamətlərdə məşğələlər təşkil edilir. “Çərşənbə söhbətləri” adlı həftəlik tədbirimizin də mövzularını seçərkən gənclərin istək və maraqlarını nəzərə alırıq”.
C.Aydının sözlərinə görə, təbliğat istiqamətində medianın rolunu da nəzərdən qaçırmayıblar: “Məhz buna görə də Dərnək tərəfindən 2017-ci ildən etibarən hər 3 ayda bir “Üç Çizgi” adında elmi jurnal nəşr edilir. 2020-ci ildən isə Eskişehirin yerli televiziya kanalı olan EsTV-də “Üç Çizgi” adlı həftəlik proqramımız yayımlanır. Onu da deyim ki, 44 günlük Vətən müharibəsi dövründə dünya Azərbaycanlıları kimi biz də üzərimizə düşən vəzifəni uğurla yerinə yetirdik. Media vasitəsilə Azərbaycanın haqq səsini bütün Türkiyədə səsləndirdik. Ümumiyyətlə Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq tədbirlərimizi və gördüyümüz işləri saymaqla bitməz”.