Son yeniləmə: 22 Avqust 2022 16:13
BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan “Gillmed” tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, KOBİA-nın dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir: “KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış “Gillmed” tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir. Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir”.
Qeyd edilib ki, bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabrikinin istehsal prosesi ilə tanış olub.