Press "Enter" to skip to content

Əhalinin 80 faizi ermənilərlə güc dilində danışmağın tərəfdarıdır – SORĞU

STM

BAYRAQDAR MEDİA – Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Ordusunun gerçəkləşdirdiyi “Qisas” hərbi əməliyyatı ilə bağlı sorğu keçirib.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonlarından ümumilikdə 384 nəfər iştirak edib.

Sorğu telefonla müsahibə yoluyla gerçəkləşdirilib. Əldə edilən nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edib.

Mərkəzdən bildirilib ki, sorğu “Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy”i öyrənməyə yönəlik olub.

“Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Respondentlərin əsas hissəsi, yəni 64,6 faizi bu barədə məlumatı televiziyadan əldə etdiyini bildirib. Müvafiq istiqamətdə məlumat mənbələri sırasında 43,5 faiz göstərici ilə sosial şəbəkələr ikinci pillədə yer alıb. Təqribən hər dörd respondentdən biri (27,9 faiz) bu barədə məlumatı internet saytlarından əldə etdiyini bildirib. Respondentlərin 9,9 faizi hərbi əməliyyatlar barədə məlumatı ətrafdakı insanlardan alıb. Radiodan məlumat əldə edənlərin göstəricisi isə 7,0 faiz təşkil edib. Bu barədə məlumat əldə etmədiyini bildirənlər cəmi 2,1 faiz təşkil edib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin deskriptiv təhlilinə əsasən, respondentlərin təqribən yarısı (49,2 faiz) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır”.

“Respondentlərin 17,2 faizi hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3 faiz təşkil edib. Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1 faiz) və yeni müharibə ehtimalı (9,6 faiz) olaraq dəyərləndirilib.” Bu da STM-nin xəbərində qeyd edilir.

Bildirilir ki, “təxminən hər beş respondentdən biri (22,4 faiz) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 15,9 faizi isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib”.

STM bildirir ki, “keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlər Ermənistanın 10 noyabr [2020-ci il] tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər. Rəyi öyrənilənlərin mütləq əksəriyyəti – 80,5 faizi Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1 faizi bu əməliyyatların davam etdirilməsini dəstəkləyib”.

“Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər. Əks mövqedə qərarlaşan (6,8 faiz), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8 faiz) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər”, – sözləri ilə xəbər yekunlaşdırılır.

Sorğunun nəticələri
Sorğunun nəticələri
Mission News Theme by Compete Themes.