Son yeniləmə: 20 Avqust 2022 14:05
BAYRAQDAR MEDİA – Bakı şəhəri Xəzər rayonunda qeyri-qanuni içməli su şəbəkəsinin yaradılmasına cəhdlərin qarşısı alınıb. Məlum olub ki, özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs pul müqabilində vətəndaşların evlərinə su xətləri çəkir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində Raco adlı şəxs tərəfindən əsasən gecə saatlarında asvalt küçələrdə xüsusi texnika ilə qazıntı işləri aparılıb, yol örtüyü dağıdılaraq 600 metr uzunluğunda su xətti çəkilib: “Buzovna qəsəbəsində isə qanunsuz su xətti çəkən şəxs bir neçə fərdi yaşayış evinə birləşmə verilməsi üçün sakinlərdən pul tələb edib. Bəzi vətəndaşlar onların vədlərinə aldanaraq tələb olunan pulu veriblər. Qanunsuz olaraq su xətləri çəkilib, evlərə birləşmələr verilib. Həmin şəxslər sayğacların qoyulacağını və abonent kodu veriləcəyini vəd etsələr də yoxa çıxıblar”.
Məlumatda qeyd edilib ki, bu cür hallar ərazidə yaşayan digər sakinlər üçün də problemlər yaradır: “Belə ki, qeyri-qanuni su xətlərinin çəkilməsi hidravliki rejimlərin pozulmasına səbəb olur. Nəticədə içməli sudan qanuni istifadə edən abonentlər normal qaydada su ala bilmir. Araşdırmalardan məlum olub ki, Xəzər rayonunun digər yaşayış məntəqələrində, xüsusilə Binə qəsəbəsində belə hallara daha çox rast gəlinir. Raco, Şaiq, Ramin, Lazım və digər şəxslər vətəndaşlarla sövdələşməyə gedərək pul müqabilində qanunsuz su xətləri çəkir”.