Son yeniləmə: 20 Avqust 2022 14:59
BAYRAQDAR MEDİA– Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları davam edir. Budəfəki sərgi-satış yarmarkası İsmayıllı rayonunda təşkil olunub.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov bildirib ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb: “Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir”.
Sonra çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev diqqətə çatdırıb ki, bu gün İsmayıllıda təşkil edilən sayca 2-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir: “Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim olunur. Yarmarkaya İsmayıllı ilə yanaşı, digər rayonlardan olan fermer və toxumçular da qatılıb. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb. M.Əliyev əlavə edib ki, son illər dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərir. Dövlət tərəfindən aqrar sahəyə, o cümlədən fermerlərə geniş imkanlar açılıb. Bu günlərdə respublikanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası da məhz toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardandır”.
Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 24-də Qubada təşkil olunacaq. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.