Press "Enter" to skip to content

900-ə yaxın namizəd rezidenturaya qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 20 Avqust 2022 09:57

BAYRAQDAR MEDİA – Avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq: “İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Namizədlər imtahana buraxılış vərəqəsini bu linkə daxil olaraq çap edə bilirlər”.

Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir: “Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır”.

Məlumata əsasən imtahanın II mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib: “Onlardan 282 nəfəri oğlan, 600 nəfəri qızdır. 745 namizəd Azərbaycan bölməsinin, 137 namizəd rus bölməsinin, 369 namizəd cari ilin, 513 namizəd isə əvvəlki illərin məzunudur, 6 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb”.

O da qeyd edilib ki, bu mərhələdə iştirak edəcək 882 nəfərdən 618 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 264 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Mission News Theme by Compete Themes.