Son yeniləmə: 19 Avqust 2022 10:06
BAYRAQDAR MEDİA – “Avqustun 18-də Ukraynada keçirilən üçtərəfli görüşdə gözlənilənlərin əksinə olaraq hərbi sahədə böyük bir nəticə əldə edilmədi. Əslində, mən bu görüşdən öncə orada müharibənin sona çatmasına yönəlik, ən azı atəşkəsin elan olunacağına dair hər hansı razılaşmanın əldə edilməyəcəyini ehtimal edirdim. Bunun da əsaslı səbəbləri vardı”.
Bunu avqustun 18-də Lvovda Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüşü hərbi kontekstdən şərh edən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu görüş öncəsi müharibəni dayandırmaq üçün hansısa şərait formalaşmamışdı: “Buna görə də Lvov görüşündə müharibənin dayanmasına yönəlik, tərəflər arasında atəşkəsin əldə edilməsi istiqamətində hər hansı bir nəticə hasil olmadı. Yəni martda İstanbulda keçirilən görüşün davamı olacaq bir şəkildə nəticə əldə edilmədi”.
BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Y.Karauz deyib ki, bununla belə yenə də Türkiyənin, dövlət başçısı Recep Tayyip Erdoğanın səyləri müəyyən ümidlər yaradır: “Söhbət təbii ki, Rusiya ilə Ukrayna arasında müharibəni heç olmazsa azacıq da olsa səngitməkdən, o cümlədən tərəflər arasında “humanitar körpü”nün yaranmasına yardım etməkdən gedir. Yəni mən burada “humanitar körpü” deyəndə müharibənin davam etməsinə baxmayaraq, heç olmazsa hərbi əsirlərin dəyişilməsinə nail olunmasını nəzərdə tuturam ki, Lvov görüşündə bununla bağlı ilkin işartılar hiss edildi. Qeyd etdiyim kimi, burada da Türkiyənin sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rolu danılmazdır. R.T.Erdoğan Rusiya Prezidenti Vladimir Putinlə indiki şəraitdə görüşə bilən dünyadakı nadir liderlərdən biridir. O cümlədən Türkiyə Cümhurbaşqanı Ukrayna ilə danışıqlarda da etıbarlı tərəf kimi xüsusi hörmətlə qəbul edilir. Bu sadalananlar fonunda Lvov görüşündə tərəflər arasında hərbi əsirlərin dəyişdirilə biləcəyinə dair ümidverici fikirlər səsləndirildi. Öz növbəsində R.T.Erdoğan “İnanıram ki, mart ayında İstanbulda aparılmış müzakirələr əsasında danışıqlar bərpa oluna bilər. Biz bunun üçün hər cür dəstəyi göstərməyə və yenidən vasitəçi rolunu oynamağa hazırıq” deyə bəyan etdi”.
Müsahibimizin sözlərinə görə, Lvov görüşündə Türkiyənin çabaları digər bir təhlükəli məqamla bağlı da öz müsbət nəticəsini verə bilər: “Söhbət Zaporojye Atom Elektrik Stansiyasının (AES) ətrafında gedən döyüşlərin dayandırılmasından gedir. Çünki bu AES-də bir qəza olarsa onun nəticələri dünya üçün ağır olacaq. Elə R.T.Erdoğan da Lvovdakı mətbuat konfransında bu məqama xüsusi vurğu edərək, “yeni bir Çernobıl faciəsinin olmasını istəmirik” dedi”.
“Dolayısı ilə müharibənin dayanması ilə bağlı nəticə olmasa da, yuxarıda sadaladığım bəzi məqamlar, o cümlədən İstanbulda əldə edilmiş “taxıl dəhlizi”nin fəaliyyəti ilə bağlı razılaşmanın davamı üçün müsbət fikirlərin bəyan edilməsi müəyyən ümidlər yaradır”, – deyə Y.Karauz daha sonra bildirib.