Press "Enter" to skip to content

Binəqədidə magistral su kəmərində qəza

Qəza yeri

BAYRAQDAR MEDİA – Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 19-da “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb: “Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra “Azərsu” ASC-nin, rayon icra hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib ki, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi tərəfindən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib. “Azərsu” ASC-nin qəza briqadası tərəfindən su axıntısının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir”.

Qeyd edilib ki, fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, tikintilərin magistral və paylayıcı su xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində aparılması baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaradır: “Texniki vasitələrlə qazıntı işlərinin aparılması mümkün olmadığından təmir-bərpa işləri olduqca çətin şəraitdə həyata keçirilir və uzun müddət çəkir. Təhlükəsizlik qaydalarına görə təmir bərpa işlərinin aparılması üçün kəmərin mühafizə zonası tam boşaldılmalı, texnikanın sərbəst hərəkətinə şərait yaradılmalıdır. Əksər hallarda mənzil və obyekt sahibləri bununla razılaşmır, nəticədə təmir işlərinin başa çatdırılması xeyli vaxt aparır”.

Mission News Theme by Compete Themes.