Son yeniləmə: 19 Avqust 2022 15:51
Sebiya və Kosovo liderlərinin Brüssel görüşü nəticəsiz tamamlanıb
BAYRAQDAR MEDİA – Son aylar gərginliyin pik həddə çatdığı Balkanlarda yeni müharibə təhlükəsi dünyanı narahat edir. Xüsusilə də iyulun sonu avqustun ilk günü Kosovo-Serbiya sərhəddində baş verənlər beynəlxalq birliyi məsələyə daha dərindən yanaşmağa sövq edib.
Xatırladaq ki, tərəflər arasında gərginliyə səbəb Kosovo hökumətinin qəbul etdiyi, lakin təxirə saldığı qərarın avqustun 1-dən etibarən qüvvəyə minməsinin planlaşdırılması olmuşdu.
Həmin qərara əsasən, serblər də daxil olmaqla Kosovoda yaşayan hər kəsin Kosovo şəxsiyyət vəsiqəsi və nömrə nişanı olmalıdır. Eyni zamanda, Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunur. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək. Bununla belə, Serbiya hələ də öz ərazisi kimi gördüyü Kosovonun belə bir addım atmasına qarşı çıxırdı.
Məhz Serbiyanın bu mövqeyindən güc alan Kosovonun şimalında yaşayan serblər iyulun 31-də iki ölkə arasındakı Jarinje sərhəd-keçid məntəqəsini bağlayaraq avtomobillərin keçidinin qarşısını almağa başlamışdılar.
Bundan sonra Kosovo yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlamışdı.
Öz növbəsində beynəlxalq birlik tərəfləri masa arxasında problemi çözməyə dəvət etmişdi. Məhz bu kontekstdə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti Brüsseldə bir araya gəlib. Lakin Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü və AB-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın iştirakı ilə keçirilən görüşdə tərəflər arasında problemin həllinə dair razılıq əldə edilməyib.
Balkan News xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Brüsseldə çətin gün keçirdiyini, lakin sülh və sabitlik üçün mübarizəni davam etdirəcəyini bildirib.
A.Kurti ilə görüşdən sonra sosial media hesabında paylaşım edən A.Vucic, “Çətin bir günü geridə qoyduq. Xalqımız və ölkəmiz üçün çox çətin bir gün oldu. Başqa bir şərh vermək istəmirəm, amma ümid edirəm möcüzə baş verər və biz kompromis əldə edə bilərik”, – deyə qeyd edib.