BAYRAQDAR MEDİA – Allah aləmlərin rəbbi, hər şeyi bilən, görən, hər şeyə qadir, hər birimizə şah damarımızdan da yaxın olandır. Onun haqqında danışanda deyirlər ki, bizim öz ağlımıza və başımıza sonradan gələcəkləri belə özümüzdən əvvəl o bilir.
Belə də olmalıdır. Axı söhbət Allahdan gedir. O Allahdan ki, hər şeyin zirvəsindədir, hər şeydən xəbəri var, hər şeyi bizim kimi bəşər övladlarından fərqli olaraq daha yaxşı bilir.
Allah hər şeyi biləndir. O cümlədən də yer üzündə hazırda danışılan 5 mindən çox dili də bilir Allah. Eyni zamanda ölmüş dilləri də bilir. Yəni onunla kim hansı dildə istəsə danışa, özünü izah edə, ondan imdad diləyə bilər. Allah belə Allahdır. Aləmlərin rəbbi, hər şeyi hər kəsdən daha yaxşı bilən.
Amma belə baxırıq ki, Allahdan fərqli olaraq bir çox bəndələr, özü də müsəlman kəsimə aid olanlar bu alilərin alisinin azərbaycan dilini bilmədiyini, onu qəbul etmədiyini iddia edir. Hətta daha da irəli gedib iddia edirlər ki, Allahla yalnız ərəb dilində danışmaq olarmış!
Bax, burda saxla! Niyə yalnız ərəb dilində? Məgər Allah bütün dillərə və o dillərin daşıyıcısı olan yaradılmışlara eyni gözlə baxmırmı?
Məgər Allah qarşısında bütün millətlərdən olan müsəlmanlar eyni – bərabər deyilmi?
Bizim bildiyimiz islam dinində belədir. Allah üçün istər türk ol, istər ərəb, istərsə də həbəş. Bunun heç bir fərqi yoxdur.
Müsəlmanların Allahı üçün fərq edən tək şey fərdin onun göydən endirdiyi kitaba – Qurana münasibətidir.
Əgər bir insan dilindən asılı olmayaraq Allahın kitabını və dinini qəbul edirsə, məsələ bitmişdir. Allah heç bir göndərişində yer üzündəki bütün müsəlmanların konkret bir dildə – ərəbcə danışmalı, oxumalı, dua etməli, namaz qılmalı olduğu haqqında tələb irəli sürməyib.
Bəs nədir ərəb olmayan müsəlmanların bu ərəb sevgisi? Niyə özünə müsəlman deyənlər din adı gələn kimi məhz ərəbdən yapışırlar?
Yaxud da başqa bir kəsim – İranın uzantıları eyni qaydada farslara qulluq edirlər! Səbəb nədir axı?
Bilirik səbəbini və aşağıda izah edəcəyik.
Bir müddət öncə bir fikir səsləndirmişdik: namaz öz dilimizdə qılınsın. Daha nələr eşitmədik qarşılığında “müsəlmanlardan”?
Söyüşün biri bir qəpik! Ki, biz (yeri gəlmişkən, namazın öz dilimizdə qılınması təklifini mən icad etməmişəm, bizə qədər də bu fikri səsləndirənlər olub) sadəcə bir fikir səsləndirmişdik.
Doğrumu, yanlışmı?
Bizə görə doğrudur. Amma bəzilərinə görə də yanlışdır.
Nə deyirik ki? Yanılmış ola bilərik. Yaxud da fikrimiz yanlış olmaya bilər. Yəni kimsə çıxıb bizə yanlışın nə, doğrunun nə olduğunu izah etməliydi.
Örnək üçün, sinəsinə döyən bir müsəlman açmalıydı Quranı, oradan konkret bir ayə göstərib deməliydi ki, bax, burda Allah buyurub ki, namaz yalnız ərəb dilində qılınmalıdır. Ardınca da belə bir tələbin ortaya çıxmasının səbəbini əsaslandıran daha bir ayə göstərilməliydi. Yəni düşünə bilən insanı qane edəcək, inandıracaq və razı salacaq izah olmalıydı.
Olmadı!
Neçə gündür bu fikirlərlə bağlı müzakirə aparırıq, bir nəfər də olsun ağlabatan fikir səsləndirməyib ki, biz yanlış düşündüyümüzü qəbul edək! Bəli, bir nəfər belə yoxdur bizim yanlış fikir səsləndirdiyimizi məntiqlə izah edə biləcək!
Amma əvəzində nə var? Söyüş, qarğış, nifrət!
Və bunu da müsəlmanlardan eşidirik! O müsəlmanlardan ki, başqalarını da özləri ilə eyni dinin daşıyıcısı olmağa səsləyirlər.
Adam, sizin bu söyüş-qarğışınızın olduğu yerdə mənim nə işim ola bilər axı?
Bacarırsınızsa, məni inandırın. Məntiqlə inandırın. Elmlə inandırın. Elə faktlar təqdim edin ki, səsimi belə çıxara bilməyim. Etmirsiniz axı. Yalnız söyüş, qarğış edirsiniz.
Odur, bir neçə gün öncə özünü sonrakı yazışmalarda “ağsaqqal” kimi təqdim edib məni “utandırmağa” çalışan birisi sözlərinə “lənət” ifadəsilə başlamışdı. Bunu onun nəzərinə çatdıranda da altından çıxa bilmədi. Halbuki mənim şəxsən bildiyim islam dinində sözə “bismillah”la başlarlar. Bir müsəlman hətta ən sərt ortamda belə təmkinini qoruyar, fikirlərini – izahını səbrlə səsləndirər, səhv yolda olanı doğru yola öz ədəbi, əxlaqı, örnək davranışı ilə dəvət edər. Amma bunlar tam əksini edirlər.
Əcəba, belə müzakirələr zamanı özünü islam təəssübkeşi kimi təqdim edib yaxa cıranlar niyə belə – hətta islam dininin məqbul saymadığı tərzdə davranırlar? Olmazmı ki, bu müsəlmanlar ədəblə, əxlaq çərçivəsində və mədəni şəkildə özlərini ifadə edib yanlış fikir söylədiyini düşündükləri adamı utandırsınlar? Olar məncə.
Yeri gəlmişkən, namazı öz dilimizdə qılmaqla bağlı fikrimizə ən ağıllı və deyərdim ki, ən mədəni cavabı həmkarımız Niyaz Niftiyev vermişdi. Qısaca demişdi ki, hansı dildə qılırsansa, qıl, təki namaz qıl. Yəni bu qədər sadə, mülayim, qarşı tərəfi hətta bir az təşviq edəcək bir yanaşma. Belə bir yanaşmanın qarşısında biz nə edə bilərik? Əlbəttə, fikir sahibinə sayğılı davranıb onun dininə də eyni dərəcədə hörmət edərik.
İndi isə keçək əsas mətləbə.
Əslində, bizim heç kimin diniylə, o dini hansı dildə yaşamasıyla işimiz yoxdur. Bizi narahat edən tamam başqa bir məsələdir.
Biz islam dini adı altında ərəb və fars milliyyətçiliyindən narahatıq. Bəli, məhz milliyyətçilikdən. Yoxsa nə işimizə qalıb belə məsələlər?
Haşiyə: Biz türk milliyyətçisi olduğumuzu dilə gətirəndə də ən çox narahat olanlar bu ərəb və fars milliyyətçiləridir. Dərhal daş atıb başlarını tuturlar ki, islamda milliyyətçilik olmaz, ümmətçilik var. Elədirsə, onda niyə bir tərəfdə ərəbçilik, başqa tərəfdə də farsçılıq edirsiniz?..
Bizim islam dininə hər hansı şəkildə zidd olmayan fikrimizi kimlər və necə topa tutdu? O kəslər ki, özləri ərəb dilini bilmirlər! O kəslər ki, islam dininin mütləq ərəbcə olduğuna inandırılıblar! O kəslər ki, ümumiyyətlə Quranı belə başdan-ayağa oxumayıblar!
Belələrinin Quranla tanışlığı yas məclislərində mollaların oxuduğundan o tərəfə getmir. Zatən gedə də bilməz. Çünki ərəbin dilini bilmirlər! Amma dirəşiblər ki, islam dini bunların da, bizim də bilmədiyimiz yabançı ərəb dilində olmalıdır! Bəs, sən demə Allah belə buyurub!
Harada, necə? Bu suallara heç bir cavabları yoxdur! Ola da bilməz! Çünki Allahın müsəlmanlar üçün endirdiyi tək bir kitab Qurandır, orda islamın mütləq ərəb dilində icra edilməsi – yaşanması tələbi qoyulmur!
Yəni Allah ərəb dilindən başqa dilləri inkar və rədd etmir! Üstəlik də Allah hər bir millətin dilini onun fərdlərindən daha yaxşı bilir və ona görə də aləmlərin rəbbi ilə istənilən dildə ünsiyyət qurmaq olar.
İranın fars-molla rejimi də bir başqa cür milliyyətçilik edir islam üzərindən! Onlar da islamın əsas iki məzhəbindən biri olan şiəliyi inhisara alıblar, özlərindən cəfəng adətlər icad ediblər, o adətləri Azərbaycan da daxil olmaqla xarici ölkələrdə məşhurlaşdırmaqla öz fars kimliklərinin təsir dairəsini genişləndirirlər. Çox təəssüf ki, bir çox insanlar əsas şiəliklə fars milliyyətçiliyini bir-birindən ayırd edə bilmir, nəticədə məzhəbinə deyil, o məzhəbdən öz çirkin məqsədləri üçün istifadə edən İranın fars-molla rejiminə qulluq edir!
Biz bunları bilgiləndirmək, ayıltmaq, doğrudan da öz məzhəblərini normal yaşamağa çağırmaq üçün hər hansı fikir səsləndirəndə də bəzi dəvəquşular başını Qumdan çıxarıb üzərimizə yürüyürlər. Və nə yazıq ki, səmimi şiə müsəlmanlar da onların əsl məkrini anlamadan bizə hücum edənlərin sırasında yer tutur…
Və hər kəs bilsin: islam dininin mütləq hansısa dildə icra edilməsi kimi bir tələb yoxdur Allahın endirdiyi Quranda. Eyni zamanda da şiəliyin farslara xidmət etməli olduğu tələbi yoxdur müqəddəs kitabda.
Əlavə olaraq deyək ki, Allah aləmlərin rəbbi olduğu üçün istənilən dildə müraciəti, duanı, dini ritualı anlamaqla bağlı heç bir problemi yoxdur.
Allahın tək bir tələbi var: qəlbiniz təmiz, niyyətiniz saf, əməlləriniz də faydalı olsun.
Əgər belə olmasanız ərəb milliyyətçilərinin tələbi ilə ərəbcə, fars milliyyətçilərinin də tələbi ilə farsca ibadət etsəniz nə yazar? Heç nə! Siz Allahı deyil, ərəbləri və farsları razı salacaq ibadət edərsəniz, Allahdan da, dindən də uzaq düşərsiniz.
Əsas olan Allahı razı salmaqdır, ərəbi və farsı deyil.
Əsas olan Allaha qulluq etməkdir, din pərdəsi altında sizi istismar edən ərəb və fars milliyyətçiliyinə deyil!
Sonda: Bizim dini icraatları öz dilimizdə gerçəkləşdirmək çağırışımıza verilən cavablarda iddia edilir ki, əgər müsəlmanların hərəsi bir dildə danışsa, örnək üçün, cümə namazında qarışıqlıq düşər. Hətta misal çəkənlər də oldu. Ki, hansısa ölkədə olublar, oradakı müsəlmanların hərəsi bir ölkədən gəlib, birlikdə namazın ərəbcə olması işə yarayıb.
Düz deyirlər. Dini mərasimlərdə olmasa da biz də uzun illərdir beynəlxalq platformalarda iştirak və çoxdilli auditoriyalarda çıxış edirik. Belə yerlər üçün, əlbəttə ki, hamının anlayacağı ortaq bir dil seçilir. Ora gələnlər də bilir ki, öz dillərində deyil, ortaq dildə danışmalı, anlaşmalı olacaqlar. Amma biz bunu bilmirikmi? Təbii ki, bilirik və bizə “cavab” verənlər də bilir. Bizim nəzərdə tutduğumuz beynəlxalq platformalarda hərənin öz dilində namaz qılması deyil, ölkə içində, yəni əksəriyyətin ərəb dilini bilmədiyi, lakin hamının öz dilimizi bildiyi ortamdır. Yəni hamının bildiyi öz dilimizdə namaz qılsaq Allah bizi başa düşməz ki? Məgər Allah azərbaycan dilini bilmir? Bilir axı. Bizdən də yaxşı bilir həm də…