Press "Enter" to skip to content

Türkiyənin dünyaya nümunə olan bir təhsil sistemi var

Dr. Nihat Büyükbaş və Nadir Azəri

Dr. Nihat Büyükbaş: Azərbaycanlı valideynlər öz övladlarını tərəddüd etmədən Maarif Vəqfinin Bakıdakı məktəbinə təhsil almağa göndərə bilərlər

BAYRAQDAR MEDİA – “Hazırda Türkiyənin Azərbaycanda 2500 şagirdi və 100 müəllimi olan bir orta məktəbi fəaliyyət göstərir. Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı olan bu orta məktəbdə-Bakı Türk Anadolu Liseyində oxumaq istəyənlərin sayı hər il daha da artır. Bundan başqa hazırda burada fəaliyyət göstərən və Türkiyədəki vəqflərə bağlı iki lisey də var. Bunlar Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyi və Diyanət Vəqfinin Bakı Türk Liseyidir. Həmin liseylərdə də çoxlu sayda şagird təhsil alır”.

Bunu BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin eğitim müşaviri Dr. Nihat Büyükbaş deyib.

Əlaqələrimizin güclənməsində təhsil sahəsinin xüsusi rolu var

Xatırladaq ki, avqustun 22-də Dr. N.Büyükbaşın bu vəzifədə səlahiyyət müddəti başa çatır və bundan sonra o, fəaliyyətini Türkiyənin Milli Təhsil Nazirliyinin mərkəzi aparatında davam etdirəcək. Onu da qeyd edək ki, Dr. N.Büyükbaşın BAYRAQDAR MEDİA-ya geniş müsahibəsini yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Maarif Vəqfinin Bakıdakı məktəbi ilk tədris ilinə hazırdır

Beləliklə, Azərbaycanda Türkiyəyə bağlı liseylərdə təhsil almaq istəyənlərin sayının artdığını deyən Dr. N.Büyükbaş yuxarıda adı çəkilən 3 liseylə yanaşı daha bir orta məktəbin də fəaliyyətə başlayacağını bildirib: “2022-2023-cü təsdris ilindən etibarən burada daha bir türk məktəbi fəaliyyətə başlayacaq. Bu Türkiyənin dövlət vəqfi olan Maarif Vəqfinin məktəbi olacaq. Artıq bütün hazırlıq işləri tamamlanıb. İnşallah sentyabrın 15-də bu məktəb ilk şagirdlərini qəbul edəcək”.

Maarif Vəqfinin Bakıda məktəb açmasının xüsusi önəm kəsb etdiyini deyən müsahibimiz daha sonra bildirib: “Maarif Vəqfi Türkiyənin xaricə açılana bir təhsil qapısıdır. Onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu özəl bir vəqf deyil. Türkiyə dövlətinə bağlı olan, yəni rəsmi bir qurum, dövlət vəqfidir. Bu baxımdan Türkiyənin Milli Təhsil Nazirliyinin orta məktəbləri necədirsə, Maarif Vəqfinin məktəbləri də o keyfiyyətdə, o gücdədir. Yəni Azərbaycanlı valideynlər öz övladlarını tərəddüd etmədən bu məktəbə təhsil almağa göndərə bilərlər”.

“Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Türkiyə türkləri Anadoluda min ildir müstəqil və azad yaşayırlar. Başqa ölkələrin istilası altında yaşamadığı üçün bütün uğurlara özləri nail olublar. Bura iqtisadiyyatın, sənayənin, o cümlədən müdafiə sənayəsinin bir çox sahələri daxildir. Ötən müddətdə biz təhsilimizi də inkişaf etdirmişik, dünya standartları səviyyəsinə çatdırmışıq. Artıq Türkiyənin dünyaya nümunə olan bir təhsil sistemi var”, – deyə Dr. N.Büyükbaş bildirib.

Bu məsələdə Maarif Vəqfi mühüm önəm kəsb edir

“Biz istəyirik ki, bu uğurlarımızı ölkəmizdən kənarda da paylaşaq”, – deyən müsahibimizin sözlərinə görə, bu məsələdə də Maarif Vəqfi mühüm önəm kəsb edir.

O, qeyd edib ki, bu vəqfə bağlı Maarif okulları vasitəsilə dünyanın dörd bir yanında insanlar azad və keyfiyyətli təhsil sistemimizdən yararlana bilərlər: “Təbii ki, biz istəyirik ki, qardaş Azərbaycanda valideynlər də öz övladlarını bu məktəbə etibar etsinlər. Onu da deyim ki, Maarif Vəqfinin buradakı məktəbini bitirəcək gənclər Türkiyənin ali məktəblərində oxumaq üçün imtahanları uğurla verdikləri təqdirə təhsil haqqında azad olacaqlar. Ən əsası hər kəs bilsin ki, burada Türkiyə dövlətinin də, Azərbaycan dövlətinin də ciddi nəzarəti olacaq. Azərbaycan Elm və Təhsil Nazirliyinə bağlı olaraq burada fəaliyyət göstərəcək məktəbdə təhsil 11 illik olacaq. Amma buranın şagirdlərinə məktəbi başa vurarkən Türkiyədəki bir liseyi bitirmiş səviyyədə də atestat veriləcək. Yəni bu məkətbin şagirləri üçün aramızdakı bir illik təhsil fərqi problem olmayacaq”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.