BAYRAQDAR MEDİA – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun KKTC-yə səfəri barədə məlumat vermişdik. Səfər zamanı bir sıra görüşlər keçirən nazir həmçinin avqustun 17-də “Gol Atan Cepheye” adlı sənədli filmin qalasına da qatılıb.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə çəkilən sənədli filmdə Kıbrıs türklərinin 1955-1974-cü illər arasında futbol klubları vasitəsilə apardıqları müqavimət və mübarizə hekayələrindən bəhs edilir.
Bildirilir ki, YDÜ Atatürk Mədəniyyət və Konqres Mərkəzində baş tutan nümayişə KKTC Cümhubaşqanı Ersin Tatar, parlament sədri Zorlu Törə, Baş nazir Ünal Üstel və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə yanaşı çoxlu qonaqlar qatılıb. Qala gecəsində ilk çıxış edən rejissor Erdal Hoş bu sənədli filmin çoxanlamlı olduğunu deyib.
Nazir M.N.Ersoy isə Kıbrıs hadisələrinin yeni nəsillərə anlatmaq baxımından bu sənədli filmin əhəmiyyətinə diqqət çəkib, sənədli filmdə əməyi olan hər kəsi təbrik edib.
Futbolun 1950-ci illərdə Kıbrıs türklərinə hücumlara qarşı həm motivasiya, həm də təşkilati bir vasitə olaraq görüldüyünü vurğulayan M.N. Ersoy, sənədli filmdə dövrün bir çox əfsanəvi futbolçusundan müsahibə alındığını bildirib.
Cümhurbaşqanı E.Tatar da çıxışında bu cür filmlərin əhəmiyyətindən bəhs edib. Kıbrıs türk xalqı arasından çox önəmli futbolçuların yetişdiyini ifadə edən E.Tatar “Rumlarla birlikdə yaşadığımız o illərdə adı türk olduğu üçün Çetinkaya Türk İdman Klubu, Lefke Türk İdman Klubu, Mağusa Türk Gücü, Türk Ocağı klublarımız liqadan çıxarıldı. Biz də Kıbrıs Türk Futbol Federasiyasını quraraq mübarizəmizi davam etdirdik”, – deyib.