Press "Enter" to skip to content

Qaranlıqda yazılan yazı

Bu da həmin kitab. Oxumağa dəyər

BAYRAQDAR MEDİA – Həmkarım, Əməkdar jurnalist, Mətbuat Şurasının sədri Əflatun Amaşovun səs gətirən “Qanıq, Hasan, bir də Qaragöz” əsərini mən də oxuya bildim. Nəhayət ki. İşin-gücün bu qədər çox olduğu bir dönəmdə əvvəlki illərdə olduğu kimi bədii ədəbiyyat oxuya bilmədiyim üçün belə deyirəm. Və bu kitabı araya salıb oxumağıma səbəb doğma kəndim Dədəlidə işıqların yenə də uzun müddətli sönməsi oldu. Necə deyərlər, hər şərdə bir xeyir var…

Əslində, işıq sönməsi olmasa da oxuyacaqdım kitabı. Çünki müəllifin şəxsi keyfiyyətləri, özəlliklə də bir usta qələm adamı, əlavə olaraq millət vəkili kimi təcrübə sahibi olması onun həm də bədii ədəbiyyatda özünü necə göstərə biləcəyi ilə bağlı marağa səbəb verməyə bilməzdi. Biz də ədəbiyyat həvəskarı olaraq Ustad həmkarımızı bu yöndən də tanımaq üçün mütləq bu kitabı oxumalıydıq.

Oxuduq da. Oxuduq və kitabın oxunmasına sərf etdiyimiz vaxta heyfimiz gəlmədi. Əksinə, düşündük ki, gərək daha öncədən onu oxumuş olaydıq.

Kitab çox dəyərli müəllimimiz, Prof. Dr. Cahangir Məmmədlinin “Gerçəkliyin fantasmaqoriyası” adlı giriş sözüylə başlayır. Bundan sonra müəllifin özünün “Müəllifdən” yazısı yer alıb. Daha sonra oxucu “Qanıq, Hasan, bir də Qaragöz” hekayəti ilə baş-başa buraxılır. Lap sonda Prof. Dr. Nizami Cəfərovun “Son söz əvəzi” yer alıb.

Bütün bunları niyə yazıram? Ona görə yazıram ki, kitabı oxumağıma dəxli var. Bəli, məhz elə.

Təsir altına düşməmək, yönəldilməmək üçün kitabı qeyd olunan əlavələrdən ayrı oxumağa qərar verdim. Yəni nə hörmətli C.Məmmədlinin və müəllifin özünün giriş sözünü, nə də hörmətli N.Cəfərovun son sözünü oxumadan birbaşa “Qanıq, Hasan, bir də Qaragöz”ü oxumağı seçdim.

Belə etməyim şəxsi dəyərləndirməmin, bir oxucu olaraq şəxsi qənaətimin hasil olmasına hesablanmışdı…

Düz də etdim. Təbii ki, əsərin özünü oxuyub şəxsi qənaətimi hasil etdikdən sonra dəyərli böyüklərimizin də yazdıqlarını oxudum. Onların bu kitabı məndən daha peşəkarcasına təhlil edib dəyərləndirə biləcəyinə nəinki mənim, əminəm ki, bu sətirləri oxuyan heç kimin şübhəsi ola bilməz və yoxdur.

Kitaba gəlincə, bilmirəm, başqa oxucularda da bu təəssürat yaranıb, ya yox, mənə elə gəldi ki, ən qədim türk kimliyi burada dərhal özünü göstərir. Eyni zamanda istifadə edilən adlar bir tərəfdən də Amerika hindularının adları ilə səsləşir. Bu bir təsadüfdürmü? Məncə deyil. Burada bir qanunauyğunluq var. Çünki türk xalqlarına aid yer adları və ayamalar həmişə Amerika hindularının yer adları və ayamalarıyla səsləşib, həmahəng olub. Örnək üçün, Qoşa Qar, Ala Düyə, Göy Qaya, Qurd Ölən Yer. Necə də doğma, əsl türk adlarıdır, deyilmi? Əsərdə bu qəbildən olan adlar oxucunun yaddaşına həkk olunmaqla ona əlavə rəng qatır.

Yeri gəlmişkən, kitabı oxumazdan öncə onun haqqında az-çox eşitdiklərimə əsaslanaraq bu qənaətə gəlmişdim ki, əsər milli təəssübkeşlik, yurd və soy həsrətini özündə ehtiva edir. Hətta bu həsrət kədər həddindədir. Gəlmişlər və keçmişlərin burada yer almasını da təxmin edirdim.

Yanılmadım.

Elə də var. Diqqətimi çəkən ən əsas məqamlardan biri İmamalı adlı ağsaqqalın xarakteridir. Əsl türk kişisi – el ağsaqqalı və ləyaqət timsalıdır İmamalı kişi. Lap elə məlum və məşhur filmdəki Kərbəlayı obrazı kimi.

Eyni zamanda, burada bir zamanlar bağları qopmuş el-elatın uzun illərdən sonra yenidən bir-birini tapması, tapdıqdan sonra artıq dünyasını dəyişmiş böyüklərin xatirəsini yaşatmağa çalışması bir başqa yöndən diqqət çəkir.

Fani dünya, mələklər, kosmos, sevgi – bütün bunları Ə.Amaşov, N.Cəfərovun sözüylə desək, bir jurnalist kimi “ədəbi debüt”ündə ustalıqla əlaqələndirməklə, oxucunu yerlə göy arasında gəzdirə bilib.

Kitab bir milli yaddaş əsəridir. O həm də bir elin qoparılmaq istənən bağlarının yenidən bərpası, özə dönüş cəhdidir. Burada aşağı-yuxarı yüz il öncə baş verənlər və onların çağdaş dövrlə əlaqələndirilməsi o bağların bərpasının ən yaxşı örnəyidir.

Və ən əsası, bu kitab heç bir siyasi rəng qatılmadan sosialist realizminin millət olaraq başımıza gətirdiklərinin ən acı bir örnəyi ilə millətin yaddaşına xitab edir. Kommunistlərin elin ən sayılıb-seçilən kişilərinə qənim kəsilməsi, onları kolxoz üzvü olmağa məcbur etməklə qalmayıb ani bir qərarla güllələməsi və ya Sibirə sürgün etməsi, əslində bir soyqırım əməlidir. Ki, Ə.Amaşov bu məsələni də öz əsərində ustalıqla, əlavə rəng qatmadan təqdim edə bilib.

Bir sözlə, dəyərli həmkarımızın ilk əsəri onun həm də bədii yaradıcılıqda özünü sınamaqda gec qaldığının göstəricisidir. Heç şübhə etmirəm ki, o, illər öncə bədii yaradıcılığa da vaxt ayırsaydı indi yəqin ki, əsərləri əldən-ələ gəzirdi.

Hər halda, gec də olsa başlamaq heç başlamamaqdan yaxşıdır. O baxımdan Ə.Amaşovun bu işini bir oxucu olaraq uğurlu başlanğıc hesab edir, ardı gəlsin deyirəm.

Mission News Theme by Compete Themes.