BAYRAQDAR MEDİA – energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın “Fortescue Future Industries” şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə “yaşıl enerji”, Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin “yaşıl hidrogen” istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib: “Şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi, karbohidrogen ixracı infrastrukturu, mövcud “yaşıl enerji” potensialı, bu sahədə müəyyənləşdirilən strateji hədəflər, görülən işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilən nəticələr haqqında məlumat verilib. Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülən işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında danışılıb”.
Məlumatda o da bildirilib ki, əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə “yaşıl hidrogen” istehsalı olan “Fortescue Future Industries” şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.