Son yeniləmə: 18 Avqust 2022 18:15
BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat artıq bir müddətdir ki, Türkiyədə görüşlər keçirir. Bu görüşlərdə məqsəd iki ölkə arasında iqtisadi əlaqələrdə yeni istiqamətlərin müəyyən edilməsi, həmçinin yeni sərmayə qoyuluşu imkanları barədə fikir mübadiləsinin aparılmasıdır.
Bu barədə BAYRAQDAR MEDİA-ya iş adamının özü məlumat verib. O, bu çərçivədə ilkin razılaşmaların da əldə edildiyini deyib.
Yeri gəlmişkən, H.Büyükfırat Ankarada Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən də qəbul edilib: “Sayın Cümhurbaşqanı avqustun 15-də AK Partinin genel mərkəzində bizləri qəbul etməklə böyük qürur yaşatdı. Bu qəbula görə sizlər vasitəsilə bir daha sayın Cümhurbaşqanına minnətdarlıq edirəm”.
İş adamının sözlərinə görə, qəbul zamanı bir sıra məsələlər müzakirə edilib: “Eyni zamanda Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin, siyasi və iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün yeni fəaliyyət proqramı barədə müzakirə aparıldı. Qəbul zamanı sayın Cümhurbaşqanı TÜİB-in fəaliyyətindən də məmnunluğunu bildirdi və qarşıya qoyulan yeni hədəflərlə bağlı öz dəyərli tövsiyələrini verdi”.
Sonda H.Büyükfırat Recep Tayyip Erdoğanın anası, rəhmətlik Tenzile Erdoğanın kəhrəba daşından hazırlanmış portretini Cümhurbaşqanına hədiyyə edib.
Qəbul xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.