Press "Enter" to skip to content

Bu, Ottava Konvensiyasına ziddir

Dr. Yücel Karauz

Son yeniləmə: 17 Avqust 2022 11:57

Dr. Yücel Karauz: Azərbaycan dövləti müvafiq beynəlxalq qurumlara müraciət edərək, Ermənistanın sülh, sabitlik və inkişafa qarşı cinayət əməllərini davam etdirdiyini bildirməlidir

BAYRAQDAR MEDİA – “Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Laçın rayonu ərazisində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Həmin sahədən minə yaxın PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq, zərərsizləşdirilib. Əslində, ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Yəni Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərində bu cür minatəmizləmə işləri davamlı xarakter daşıyır. Ancaq Laçında aşkar edilən bu sahədəki minaların istehsal yeri və tarixi işin rəngini tamamilə dəyişir”.

Bunu BAYRAQDAR MEDİA-ya sözügedən məsələni dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında da qeyd edildiyi kimi bu sahədə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra, yəni 2021-ci ilin noyabrından sonra Ermənistanda istehsal olunub: “Dünyada “Piyadalar əleyhinə minaların tətbiqinin, ehtiyat toplanmasının, istehsalının və yayılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” 1997-ci il tarixli Ottava Konvensiyası var. Bu sənəd bu günə qədər 170-ya yaxın ölkə tərəfindən qəbul edilib və imzalanıb. Yəni nəinki yeni piyadalar əleyhinə minaların istehsalı qadağan edilib, hətta dünyadakı müxtəlif ölkələr quru sərhədlərində bir zamanlar basdırdıqları minaları onlara təqdim edilən zaman müddətində zərərsizləşdirməlidirlər. Bu baxımından biz Ermənistanın daha bir beynəlxalq sənədi heçə saydığını görürürk”.

Y.Karauz deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə dağıntı, soyğun törətməklə yetinməyib, o əraziləri demək olar ki, tamamilə minalayıb: “Lakin Ermənistanın müharibə cinayətləri bununla tamamlanmır. Biz görürük ki, bu cinayətlər 10 noyabrda Moskvada imzalanan üçtərəfli Bəyanatdan sonra da davam edir. Əbədi sülhün əldə edilməsinə gedən zaman kəsimində sözdə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istədyini bəyan edən Ermənistan reallıqda tamamilə başqa addımlar atır. Ermənistanın Ottava Konvensiyasına zidd olaraq piyadalar əleyhinə minalar istehsal etməsi, həmçinin bu minaları müharibədən sonra Azərbaycan ərazilərində basdırması beynəlxalq hüquq baxımından qəbuledilməz bir cinayətdir. Bu, həm də dövlət səviyyəsində bir terrorçuluq fəaliyyətidir”.

Müsahibimiz bildirib ki, bu minalar, onların istehsal yeri və tarixi haqqında sənədli faktlar Azərbaycan dövləti tərəfindən beynəlxalq qurumlara təqdim edilməlidir: “Azərbaycan dövləti müvafiq beynəlxalq qurumlara müraciət edərək, Ermənistanın sülh, sabitlik və inkişafa qarşı cinayət əməllərini davam etdirdiyini bildirməlidir. Ermənistanın bu cinayət əməlləri beynəlxaql səviyyədə ifşa olunmalıdır”.

Mission News Theme by Compete Themes.