Son yeniləmə: 16 Avqust 2022 10:05
Yeganə Hacıyeva: Krımdan sonra növbə Donetsk və Luqanskın Rusiyanın işğalı altında olan hissələrinindir
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə Ukrayna müharibəsi başlayandan müxtəlif ssenarilər var. Əslində, Ukrayna xalqının mübarizliyini və Avropa müharibələrinin təcrübəsini nəzərə alaraq ehtimal etmək olardı ki, bu proses bir yerdə XXI əsr üçün xarakterik olmayan partizan müharibəsi mərhələsinə çatacaq. Zatən öncələr də vəziyyətin perspektiv imkanları barədə danışanda bu ehtimalı səsləndirmişdik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi hər ötən gün daha da şiddətlənir. Rusiyanın işğalı altında olan Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda baş verən 2 partlayış, həmçinin ukraynalı partizanların Rusiyanın işğalı altında olan Melitopol şəhərində dəmiryol körpüsünü partlatmasına dair xəbərlər bəzi müzakirələrə yol açıb. Bu sırada Ukrayna tərəfindən Rusiyaya qarşı partizan müharibəsinin başlandığına dair mülahizələr də səsləndirilməkdədir.
Beləliklə, açıqlamasında bu mülahizələri də dəyərləndirən politoloq deyib: “Düzdür, biz bu gün Ukraynanın Rusiyaya qarşı partizan müharibəsinə başladığnı birmənalı olaraq iddia edə bilmərik. Amma ümumilikdə Krımla bağlı Ukraynanın addımlarını belə dəyərləndirə bilərik: nəhayət Ukrayna bu məsələyə daha ağıllı yanaşma nümayiş etdirir. Yəni Rusiya ordusunun Ukraynanın içərilərinə doğru irəliləyərək daha çox əsgər cəmləşdirdiyi bir vaxtda Krımı atəşə tutmaq daha ağıllı bir yanaşmadır. Bu, bir növ Ukraynada olan Rusiya əsgərlərinin, Rusiyanın müxtəlif ordu birləşmələrinin arxasında hərbi əməliyyat keçirmək, bununla da rus əsgərləri arasında bir xof yaratmaq kimi dəyərləndirilə bilər”.
Politoloq hesab edir ki, Ukraynanın növbəti hədəfi Donetsk və Luqanskın Rusiyanın işğalı altında olan əraziləri olacaq: “Əslində bu, Rusiyanın hərəkətlərinin bumeranq effekti kimi dəyərləndirilə bilər. Yəni müharibənin ilk vaxtlarında Ukraynanın paytaxtı Kiyev də daxil, mərkəzi şəhərlərini bombardman edən Rusiya bununla əhali arasında xaos və qorxu yaratmağı planlaşdırmışdı. İndi isə necə deyərlər, Ukrayna Rusiyanı “öz silahı” ilə vurur. Yəni eyni hal Rusiyaya qarşı tətbiq edilir. Çünki Krımda təkcə Rusiyanın əsgərləri deyil, rusdilli əhali də məskunlaşıb və bəhs edilən partlayış həmin insanlar arasında küyə səbəb olur. Eyni halın Donetsk və Luqanskda da təkrarlanma ehtimalı yüksəkdir”.
“Bir sözlə, böyük ehtimalla Rusiyanın işğalı altında olan Krıma hücumlar intensivləşəcək. Ukraynanın bu addımı da təbiidir. Çünki Ukrayna beynəlxalq hüquqa əsasən öz ərazisi olan Krımı bu yolla Rusiya işğalından azad etmək üçün addım atır və dünya birliyi bu addıma tam dəstək verəcək”, – deyə politoloq bildirib.