Son yeniləmə: 16 Avqust 2022 15:13
BAYRAQDAR MEDİA – Son vaxtlar Qırğızıstanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Bu özünü iki ölkənin iş adamları və biznes qurumları ilə əməkdaşlıqda da göstərir. Məhz bu kontekstdə növbəti işgüzar görüş Qırğızıstanın Azərbaycandakı səfirliyində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 16-da “Gəncə İş Adamları” İctimai Birliyinin Gəncə-Daşkəsən üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazov məlumat verib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov, Birliyin Gəncə-Daşkəsən üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazovla Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev iştirak edib.
A.Eyvazov deyib ki, görüşdə iki ölkə arasında ən yüksək səviyyədə münasibətlərin yaradıldığı qeyd edilib: “Həmçinin görüşdə iqtisadi, ticarət əlaqələri, turizm və investisiya qoyuluşu, Azərbaycan-Qırğızıstan Ticarət Palatasının yaradılması perspektivləri və imkanları barədə fikir mübadiləsi aparıldı. Tərəflər belə görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsində mühüm rol oynadığını bildirdilər”.
O da qeyd olunub ki, görüşdə həmçinin, Qırğızıstandan olan iş adamları ilə Gəncə iş adamları arasında təmasların darinləşməsi, biznes və investisiya qoyuluşu istiqamətində birgə addımların atılması məsələləri müzakirə edilib.