BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə sərgi-söhbət keçirilib.
Bu barədə Baş İdarədən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı çıxış edən kitabxananın əməkdaşı G.Süleymanova dahi sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib: “O bildirib ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb. Müğənninin repertuarında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnısı xüsusi yer tutub. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanıb”.
Sonda sənətkarın ifasında səslənmiş məşhur mahnılarından ibarət videoçarx nümayiş olunub.