“Nikos Dendias tarixlərindəki bu qara ləkəni unutdurmağa çalışır”
BAYRAQDAR MEDİA – “Kıbrıs Barış Hərəkatının ikinci mərhələsinin ildönümü münasibətilə Yunanıstanın xarici işlər naziri Nikos Dendias açıqlama verib. Dendias bu açıqlama ilə Yunan-rum ikilisinin tarixdə qoyduğu qara ləkəni insanlara unutdurmağa, tarixi və hüquqi faktları təhrif etməyə çalışır”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin açıqlamasında öz əksini tapıb.
KKTC Bakı nümayəndəliyindən avqustun 16-da BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, açıqlamada daha sonra deyilir: “Rum quldur dəstələrinin Akritas Planı çərçivəsində Kıbrıs türk xalqına qarşı törətdikləri qırğınlar, hücumlar nəticəsində 103 kəndimizi tərk etmək məcburiyyətində qalmağımız və Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin bu qırğınlara qarşı aciz qalması. hələ də yaddaşlarımızda qalıb. N.Dendias, bütün digər yunan və rum məmurları kimi, bu qırğınlar heç olmamış kimi davranaraq, tarixlərindəki bu qara ləkəni unutdurmağa çalışır”.
Açıqlamada vurğulanıb ki, adanı Yunanıstana birləşdirmək üçün yunan xuntasının dəstəyi ilə başlanan çevriliş adadakı yeganə işğal hərəkatıdır: “Kıbrıs Barış Hərəkatı adanın Yunanıstana birləşdirilməsinin qarşısını aldığı kimi həm türklərin, həm də rumların təhlükəsizliyini təmin edən qanuni bir əməliyyatdır. N.Dendinasın Ana Vətən Türkiyənin qanuni müdaxiləsi ilə bağlı əsassız iddiası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində yer almayıb. Görünür, N.Dendiasın bütün səyləri faktları təhrif etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Bu gün adada sülh və əmin-amanlıq mühiti Türkiyənin qanuni əməliyyatı ilə təmin olunub. Bu münasibətlə bir daha vurğulamaq istərdik ki, mehriban qonşuluq şəraitində yaşayan iki suveren bərabərhüquqlu dövlətin qəbulu ən real həll modelidir”.