Press "Enter" to skip to content

Çörəyin qiyməti artacaq: bu, qaçılmazdır

Azər Həsrət

BAYRAQDAR MEDİA – Son günlər özəlliklə də sosial mediada unun qiymətinin artması ilə bağlı rahatsızlıq ifadələri çoxalıb. Bəzən açıq, bəzən də qapalı şəkildə kimlərsə, haradasa bu prosesə başlayıb. Bizsə vətəndaş – istehlakçı olaraq bundan rahatsız olmaya bilmərik. Çünki unun bahalaşması birbaşa şəxsimizin – ailəmizin büdcəsinə zərbə vurur. Ona görə də istəyirik ki, qiymət artmasın, həmişə olduğu kimi ucuz un məhsulları, əsasən də çörək ala bilək. Lakin bu mümkündürmü? Belə anlaşılır ki, dövlətin un və un məhsullarının qiymətini süni şəkildə aşağı həddə tutması artıq mümkünsüz görünür.

Səbəb?

Səbəb, qısa desək, Ukrayna müharibəsidir. Bunu hamı bilir, anlayır. Amma məsələ bu qədər sadə deyil.

Başqa səbəblər də var.

O başqa səbəblərin ən öndə gələni dünya bazarında taxılın qiymətinin təbii olaraq artmasıdır. Bu isə birbaşa taxıl qıtlığı ilə bağlıdır. Yəni məsələ milli deyil, qlobaldır. Nəzərə alaq ki, Azərbaycan özünü taxılla tam təmin edəcək gücdə olmadığı üçün bu məhsulu dünya bazarından almağa məcburdur. Bu isə o deməkdir ki, dünya bazarında qiyməti artan məhsulun ölkə içində də qiyməti artmalıdır.

Örnək üçün, necə ki, biz 95 və 98 oktanlı benzini özümüz istehsal edə bilmədiyimiz üçün dünya bazarından alırıq və məcburən qlobal qiymətlərlə hesablaşmalı oluruq, indi taxıl məhsullarıyla bağlı da eyni durumdur. Yəni Azərbaycan taxılı baha alıb öz vətəndaşına daha ucuz qiymətə sata bilmir və bilməyəcək…

Dünyada taxılın qiymətinin artması fonunda Azərbaycanın əsas taxıl mənbəyi olan Rusiya və qardaş Qazaxıstanın bu məhsulun ixracına tətbiq etdiyi məhdudiyyətlər də gözdən qaçırılmamalıdır. Yəni biz bu iki ölkədən aldığımız taxılı bundan sonra əvvəlki qaydada rahat-rahat ala bilmirik. Bu da əlavə qıtlıq yarada bilər.

Eyni qaydada yenə də Azərbaycanın taxıl mənbələrindən olan Ukrayna ixracda problemlərlə üzləşib. Rusiyanın bu ölkəyə əsassız və səbəbsiz hərbi təcavüzü Ukraynanın əl-qolunu bağladığı üçün həm də Azərbaycan oradan taxıl almaqda çətinlik çəkir.

Bunların üzərinə bir də meşə yanğınlarını, geniş yayılmış quraqlığı da əlavə edək. Bu isə məhsuldarlığa elə zərbə vurur ki, altından çıxmaq sadəcə mümkün deyil.

Bütün bu faktorlar təkcə dünyada, o cümlədən də Azərbaycanda taxıl məhsullarının, özəlliklə də çörəyin qiymətinin indiki səviyyədə tutulması ehtimalını mümkünsüz edir. Belə deyə bilərik ki, Azərbaycan da məcburiyyət qarşısında bu sahədə qiymət artımına getməli olacaq.

Biz idxalçı ölkəyik. Ən sadə məntiqə görə, taxılı xaricdən alırıqsa və aldığımız taxılın qiyməti dünya bazarında artırsa, ölkə içində də belə bir artıma gedilməsi qaçılmaz olacaq. Düzdür, Azərbaycan uzun illər bu sahəyə subsidiya ayırıb, vətəndaşın daha ucuz qiymətə çörək almasını təmin edib. Amma bu süni qiymət əngəllənməsi nə vaxta kimi davam edə bilər? Yaxud da dövlət nə vaxta kimi bu yükün altını çəkə bilər?

Çıxış yolu varmı və nədir? Var məncə. Örnək üçün, Azərbaycan insanı da avropalılar kimi yavaş-yavaş taxıl məhsullarından daha az istifadə etsin. Biz bəlkə də dünyada ən çox çörək israf edən ölkəyik. Bir insanımız bəzən bir bütöv çörəyi tək başına yeyir və bununla da öz səhhətinə belə zərər vurur. Halbuki diyetoloqlar mümkün qədər un məhsullarından uzaq durmağı məsləhət görür. Ki, insan daha sağlam yaşasın.

Əlbəttə, bizim dediyimiz ümumilikdə vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu o olacaq ki, Rusiya Ukraynaya təcavüzündən əl çəkəcək, müharibə Ukraynanın ərazi bütövlüyü təmin edilməklə sona çatacaq və taxıl kanalları da əvvəlki qaydada işləməyə başlayacaq. Əks halda bizi qarşıda hələ qiymət artımları gözləyir və buna təəccüblənməməli, hazır olmalıyıq…

Mission News Theme by Compete Themes.