Son yeniləmə: 15 Avqust 2022 11:21
Cavid Aydın: Bu tədris ilində də Eskişehirdəki azərbaycanlı tələbələrə bacardığımız qədər dəstək olacağıq
BAYRAQDAR MEDİA – “Təbii ki, Türkiyənin müxtəlif şəhərlərində ali təhsil alan azərbaycanlı tələbələrin ev, apart, yaxud yurd (yataqxana – red.) axtarması məsələsi son illər xüsusilə aktuallığını qoruyur”.
Bunu BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Dövlət yurdlarına tələbat artıb
Onun sözlərinə görə, bu da təbiidir: “Çünki hər il əvvəlki ilə nisbətən Türkiyədə ali təhsil almaq istəyən xarici tələbələrin sayı daha da artır. Bu artım isə öz növbəsində yerləşmə məsələsində sözünü deyir. Yəni hər yeni tədris ilində ötən ilə nisbətən ucuz kirayə ev, apart, yaxud yurd tapmaq bir qədər çətinləşir. Burada Türkiyənin hansısa dövlət, yaxud da özəl qurumlarını günahlandırmaq olmaz. Çünki son illər dövlət yurdlarına ölkə daxilində tələbat təxminən 3-5 dəfə artıb. Əvvəllər evlərdə qalan yerli tələbələr indi dövlət yurdlarına üstünlük verirlər. Dövlət yurdlarında yerlər olmayanda isə özəl yurdlara üz tuturlar. Belə olan təqdirdə xarici tələbələr, o cümlədən azərbaycanlılar kirayə ev, yaxud dövlət yurdlarına nisbətən bahalı olan apart axtarmaq məcburiyyətində qalırlar”.
Eskişehir Azərbaycanlılar Dərnəyi bu məsələdə də öz dəstəyini əsirgəmir
C.Aydın bildirib ki, hər zaman azərbaycanlı tələbələrin yanında olan Eskişehir Azərbaycanlılar Dərnəyi bu məsələdə də öz dəstəyini əsirgəmir: “2021-ci ildə rəhbərlik etdiyim Dərnək vasitəsilə müvafiq addımlar atdıq. Sosial şəbəkə hesablarımızdan elan verərək, Eskişehirdə təhsil almağa gələcək azərbaycanlı tələbələrin bizimlə əlaqə saxlamalarını istədik. Eyni zamanda Whats App qrupumuz vasitəsilə Eskişehirə gələcək və kirayə yer axtarışında olan tələbələrlə əlaqə saxladıq”.
Dərnək sədrinin sözlərinə görə, müraciət edənlərin çoxluğu ondan xəbər verirdi ki, yer məsələsində çox böyük problem var: “Buna görə də əvvəlcədən Eskişehirdəki bəzi apartların rəhbərləri ilə danışıqlar apardıq və öncədən razılaşma əldə etdik. Belə deyək ki, müəyyən yerlər bronladıq. Özü də həmin yerlər azərbaycanlı tələbələrə normal qiymətindən bir az daha ucuza verildi. Yəni həm cüzi endirim əldə etdik, həm də yer problemi bir mənada həll edilmiş oldu. Nəticədə də gəlib bizə yer üçün müraciət edən tələbələri o yerlərə istiqamətləndirdik”.
İlk növbədə birinci kurslar…
C.Aydın deyib ki, bu il də eyni addımı atmaq fikrindədirlər: “Yaxın bir həftə – 10 gün içərisində bəzi apartlarla danışıqlar aparacağıq. Eyni zamanda, artıq bəzi valideynlər bizə kirayə ev tapılmasında kömək üçün müraciət ediblər. Onlara da imkan daxilində, cüzi də olsa ucuz kirayə evlər tapılmasında kömək edəcəyik. Onu da deyim ki, bu yer problemi əsasən birinci kurslar üçün daha aktual olur. Növbəti kursların tələbələri şəhərə yaxından bələd olduqları üçün özləri növbəti illərdə ev, yaxud apart tapa bilirlər. Biz də bunu nəzərə alıb ilk növbədə birinci kurslar üçün dəstək addımları atmağa çalışacağıq”.