Son yeniləmə: 15 Avqust 2022 11:43
BAYRAQDAR MEDİA – Bu günlərdə Qırğızıstanla bağlı yayılan bir xəbər təəccüb qarışıq təəssüfə səbəb olub. Həmin xəbərdə Qırğızıstanın Güneyində münaqişələrin qızğın olduğu Tacikistanla sərhəddə yerləşən Batken vilayətində Rusiya tərəfindən məktəbin açılacağı qeyd edilib.
Bu barədə Kırım Haber Ajansı xəbər yayıb.
Xəbərdə “Batken bələdiyyəsindən verilən açıqlamada yeni məktəbdə rus müəllimlərin dərs deyəcəyi və onlar üçün yataqxana yaradılacağı bildirilib” deyə vurğulanıb.
Batken bələdiyyəsi rəhbərliyinin rəsmi saytında avqustun 10-da yerləşdirilən açıqlamaya görə, Rusiya tərəfindən açılacaq məktəb üçün Başqırdıstan Pedaqoji Universiteti beynəlxalq əlaqələr şöbəsinin müdiri Radik Yulbayev və Rusiyadan xüsusi nümayəndələr gətirilib. Bələdiyyənin açıqlamasında daha sonra deyilir: “Ruslar tərəfindən tikiləcək məktəb üçün indiyədək Çet-Bulak rayonundan 2,6 hektar torpaq sahəsi ayrılıb. Avqustun 10-da keçirilən iclasda Rusiyadan olan nümayəndələr məktəbin tikintisi üçün 3 hektar torpaq istəyiblər. Ruslar həmçinin yerli hökumətdən tikinti zamanı elektrik enerjisi, internet bağlantısı və təmiz su ilə təminatın olmasını da istəyiblər. Bildirilib ki, torpaq problemi həll olunarsa, bu il tikinti işlərinə başlanılacaq və bir il ərzində məktəb istifadəyə veriləcək”.
Məlumata əsasən, Batken bələdiyyəsinin Rusiya nümayəndələri ilə keçirilən görüşündə məktəb kompleksi haqqında müzakirə aparılıb. Bəlli olub ki, Rusiya tərəfindən tikilən yeni məktəb 1224 nəfər tutumlu olacaq. Məktəb üçün 2 idman zalı, 1 kiçik və 1 böyük hovuz tikiləcək. Müəllimlər Rusiyadan olacaq və rus dilində dərs deyəcəklər. Rusiyadan olan müəllimlər ibtidai siniflərdə dərslərin, eləcə də rus dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya və digər fənlərin tədrisini həyata keçirəcəklər.
Görüşdə həmçinin, “Rus məktəbini bitirən şagirdlərə Rusiya Federasiyasının sertifikatı təqdim olunacaq. Eyni zamanda onlar Rusiyanın ali təhsil müəssisələrinə də müraciət edə bilər” deyə bildirilib.
Xəbərə əsasən, yerli xalq rus məktəbinin yaradıl maşına və qırğız şagirdlərinin bu məktəbdə təhsil almasına qarşı üsyan edib. Qırğız xalqı münaqişələrin tez-tez baş verdiyi bölgədə rus məktəbinin yaradılmasını təhlükəli hesab edir. Həmçinin valideynlər övladlarını rus məktəbinə vermək istəmir.