Günay Əfəndiyeva: Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşımaqdadır
BAYRAQDAR MEDİA – Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı gerçəkləşdirilib. Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq Qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşğuyla qeyd olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Bildirilib ki, Fondun prezidenti Günay Əfəndiyeva Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Mən əminəm ki, Qurultaya qatılan hər bir türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynamaqdadır”.
Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların türk dünyasının dörd bir yanında, o cümlədən Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühim önəm daşımaqdadır. Beləliklə, türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bugünümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.
Məlumatda o da qeyd edilib ki, Fond VII Hun – Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib: “Fondun və Azərbaycanın Macarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, əməkdar artistlər Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu Qurultayda iştirak edib. Sənətçilərin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub”.