Son yeniləmə: 15 Avqust 2022 14:39
Bu barədə “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil edilən mediatur zamanı bildirilib
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olub.
Avqustun 13-də isə Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı Qoruğa mediatur təşkil olunub.
Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində görülən işlər
Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, media nümayəndələri öncə Qoruq ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri haqda məlumatlandırılıb: “Media təmsilçilərinə Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib”.
Məlumatlandırma zamanı mediatur iştirakçılaırna bildirilib ki, Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb. Məlumat verilib ki, bu tarixi tikili Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib: “Məsciddə isə yenidənqurma işləri davam etdirilir. Bu günə qədər nəzərdə tutulan işlərin 50 faizi görülüb”.
Qoruğun elmi-inventar fondu hazırlanıb
Media nümayəndələrinin diqqətinə o da çatdırılıb ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən tədqiq edilib və qoruğun elmi-inventar fondu hazırlanıb: “Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək qoruğun muzey fonduna təhvil verilib. Həmçinin Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub”.
Agentlikdən bildirilib ki, mediatur çərçivəsində jurnalistlərin abadlaşdırılma prosesi ilə bağlı sualları da cavablandırılıb.
Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov deyib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2018-ci ildə Qoruqda yenidənqurma işlərinə başlanılıb: “İlk olaraq Agentliyinin nəzdində fəaliyyət göstərən Dövlət Qoruqları İdarəetmə Mərkəzinin həm mədəni irs, həm də memarlıq şöbələri araşdırmalara başlayıb. İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Əsas məqsədimiz burada turizm infrastrukturunun yaradılmasıdır. 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub”.
Proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək
N.Qasımov bildirib ki, qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib: “Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb”.
Onun sözlərinə görə, Basqal tam bərpa olunduqdan sonra bu proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək: “Məqsəd Basqalı təmir etməklə yanaşı onun ruhunu özünə qaytarmaqdır”.
Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzi Memarlıq sektorunun müdiri Müslüm İmranlı isə media təmsilçilərinə deyib ki, Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.
Onun sözlərinə görə, qoruğun keçmiş binası köhnə və qəzalı şəraitdə olduğuna görə sökülüb və yeni tikili üçün Bazar meydanı seçilib: “Yeni tikili yeniliyi ilə yanaşı, həm də ətraf mühitə uyğun olmalı idi. Bunun üçün biz tikilinin divarını yerli daşdan, damını isə burada istifadə olunan metal lövhələrdən layihələndirdik. Tikilinin aşağı hissəsi turizm məlumat mərkəzi və sanitar qovşaq kimi, yuxarı hissəsi isə qoruq işçilərinin inzibati otaqları üçün nəzərdə tutulub. Buraya direktor otağı, iclas otağı, ümumi iş otağı, mətbəx guşəsi, server və anbar otağı daxildir”.
Qeyd olunub ki, ümumilikdə tikilinin əsas istinadı kimi tarixi Yuxarı Şirvan-Lahıc-Basqal memarlığı üslubu götürülüb: “Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir”.