Son yeniləmə: 15 Avqust 2022 12:42
İlham İsmayıl: Ermənistanın dostu olan İran açıq şəkildə deməsə də, hər zaman Azərbaycana qarşı düşmənliyini məkrli şəkildə davam etdirib
BAYRAQDAR MEDİA – “Əvvəla onu deyim ki, İran Güney Qafqazda siyasətini ən çox Rusiya ilə uzlaşdırır. Yəni İranla Rusiya bu bölgədə birgə addımlar atır”.
Bunu BAYRAQDAR MEDİA– ya özəl açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
“İran rəsmilərinin Güney Qafqazla bağlı son açıqlamaları bu ölkənin Ermənistanı yenidən müharibəyə təhrik etməsinə səbəb ola bilərmi” sualını cavablandıran ekspert rəsmi Tehranın bir qədər başqa məqsəd güddüyünü deyib: “İranın məqsədi Ermənistanı yenidən müharibəyə cəlb etmək deyil. Çünki İran rəsmiləri Ermənistanın istər iqtisadi, istərsə də hərbi baxımdan hansı acınacaqlı durumda olduğunu yaxşı bilirlər. İran sadəcə olaraq Ermənistanı sülh müqaviləsini imzalamamağa, Zəngəzur dəhlizini açmamağa təhrik edən addımlar atır. Rəsmi Tehran bu məqsədlə Ermənistana hərtərəfli dəstək göstərir və yardımlar edir”.
Ekspert qeyd edib ki, İranın sözügedən istiqamətdə Rusiya ilə bəzən maraqları toqquşsa da bəzi məsələlərdə bu maraqlar uzlaşır: “Çünki Rusiya da hazırda sülh sazişinin imzalanmasının uzanmasında maraqlıdır”.
İ.İsmayılın sözlərinə görə, ümumilikdə İranın Azərbaycana və Ermənistana münasibətində heç bir yenilik yoxdur: “Ermənistanın dostu olan İran açıq şəkildə deməsə də, hər zaman Azərbaycana qarşı düşmənliyini məkrli şəkildə davam etdirib. İranın bu gün Azərbaycanın daxilinə yönəlik apardığı pozuculuq və təxribat işləri də bütövlükdə bu siyasətin tərkib hissəsidir”.
“Bəs İranın bu addımı, yəni Güney Qafqazda əbədi sülhün əldə edilməsinə əngəl törətməsi bu ölkəyə qarşı beynəlxalq təzyiqləri artıra bilərmi” sualına gəlincə, ekspert deyib: “Təbii ki, İranın bu addımı Qərbdə ciddi etiraza və qəzəbə səbəb olacaq. Çünki Avropa Birliyi də, ABŞ da Güney Qafqazda tezliklə sülhün yaranmasını istəyirlər və bunun üçün çalışırlar. Brüssel görüşləri təsadüfən keçirilmir. Qərb yaxşı bilir ki, burada sülh yaranarsa Rusiyanın təsir və təzyiq imkanları aşağı düşəcək. Təbii olaraq, İranın da təsir imkanları aşağı düşəcək. Ona görə də İran və Rusiya bölgədə əbədi sülhün yaranmasını istəmir. Amma beynəlxalq birliyin hələ ki, onların, xüsusilə də İranın bu davranışlarını qınamaqdan başqa hansısa təzyiq və təsir vasitələri yoxdur. Bu məqamda onu da xüsusi olaraq qeyd edim ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət, regionda Qərblə və qardaş Türkiyə ilə birlikdə apardığı əməkdaşlıq Rusiya-İran cütlüyünün əl-qolunu bağlayan faktordur”.