Press "Enter" to skip to content

İlham Əliyev Qırğızıstanlı qonağı qəbul edib

Qəbuldan görüntü

Son yeniləmə: 15 Avqust 2022 14:56

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev avqustun 15-də Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevi qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qəbul zamanı dövlət başçısı Azərbaycanla qardaş Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək iclasına toxunaraq, bu formatın iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəyinə ümidvarlığını bildirib.

“İkitərəfli əlaqələrdən danışan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin genişləndirilməsinə verdiyi töhfəni qeyd etdi. Bu baxımdan Qırğız Respublikasının Prezidentinin bu il ölkəmizə səfəri zamanı əməkdaşlığın geniş gündəliyi ilə bağlı səmərəli danışıqların aparıldığını və dövlət başçıları arasında çox yaxşı şəxsi təmasın qurulduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, Azərbaycanın Qırğızıstana investisiya qoyuluşu və əməkdaşlığın digər sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra bildirilir ki, “ölkəmizdə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradıldığını qeyd edən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat potensialına digər ölkələrin, o cümlədən Orta Asiya ölkələrinin getdikcə daha böyük maraq göstərdiyini bildirdi, eyni zamanda, Orta Asiya regionunda da Xəzər dənizi hövzəsinə çıxan yeni dəmir yolu şəbəkələrinin yaradılması ilə bağlı planların da əhəmiyyətini vurğuladı”.

B.Torobayev də öz növbəsində Qırğızıstan Prezidenti Sadır Caparovun salamlarını dövlət başçısına çatdırıb.

“Qonaq qeyd etdi ki, tarixi, mədəni köklərə söykənən Azərbaycan-Qırğızıstan münasibətlərinin müasir dövrdə əsası dünya səviyyəli tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyevin dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

“Söhbət zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın önəmi qeyd edildi, kənd təsərrüfatı, energetika, investisiya qoyuluşu ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.” Bu sözlər də xəbərdə yer alıb.

Mission News Theme by Compete Themes.