Bayraqdar.info – Avqustun 13-də Qubadakı “Azərkitab” kitab mərkəzində görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.
Xəbəri Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, şair Ramiz Qusarçaylı yayıb.
R.Qusarçaylı tədbirin açılışındakı çıxışında Ə.Pəhləvanın həyat və yaradıcılığı haqqında çıxış edərək onun müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə danışıb. Natiq həm də yazıçı-dramaturqun Qazaxıstan və Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, şair Şahin Fazil çıxış edərək bildirib ki, o, Ə.Pəhləvanı Azərbaycan radiosunun Güney verilişləri redaksiyasında, “Baku”, “Bakı” axşam qəzetlərində, “Azərbaycan müəllimi” qəzetində işlədiyi və “İlham” qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyır.
Ş.Fazil qeyd edib ki, Ə.Pəhləvanın bu günə kimi 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı digər keçmiş sovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev öz çıxışında Ə.Pəhləvanın “Step LTD” kino şirkətini təsis etdiyindən, şirkətin xəttilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hunqoriya”, “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib.
ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva öz çıxışında belə görüşlərin əhəmiyyətini xüsusi olaraq qeyd edib və Ə.Pəhləvana filialın tələbələriylə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.
Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ceyhun Ağabəyov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu, eləcə də qubalı, qusarlı və xaçmazlı şair və yazıçılardan Mövlud Ağamməd, Sərvinaz Sərvər, Telman Təravət, Cavanşir, Sabir Nemətov, Nəzər Mirzəyev, Pənah Elqəm, Güləli Bağban, Gülnaz Qubalı, Asvar Tufandağlı, yerli ziyalılar adından Yaqub Kərimov, Xanbikə Səlimova və başqaları çıxış edərək Ə.Pəhləvana suallar ünvanlayıb və şeirlərini oxuyublar.
Görüşün sonunda Ə.Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb və maraqlı görüş üçün AYB Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.