Son yeniləmə: 12 Avqust 2022 10:18
Parlament sədrinin müavininin qalmaqallı açıqlaması etiraza səbəb olub
Bayraqdar.info – Yunanıstan hakimiyyətinin Batı Trakyadakı türk azlığına qarşı təzyiqləri davam edir. Bu arada isə Yeni Demokratiya Partiyasının deputatı və Yunanıstan parlamentinin sədr müavini Haralampos Athanasiunun yerli televiziyalardan birinə verdiyi açıqlama etiraza səbəb olub.
Gündem Gazetesi xəbər verir ki, o, açıqlamasında Yunanıstanın Quzeyindən olan müsəlman millət vəkillərinin ölkədən kənara çıxması halında onların telefon danışıqlarının dinlənilə bilməsinin mümkünlüyünü dilə gətirib. Buna kəskin etiraz edən Avropa Batı Trakya Türk Federasyonu (ABTTF) H.Athanasiunun, əslində, Batı Trakyadan olan millət vəkillərini nəzərdə tutduğunu bəyan edib.
Məlumata əsasən, qurumun rəhbəri Halit Habip oğlu H.Athanasiunun bu açıqlamasını qalmaqallı açıqlama kimi dəyərləndirib: “H.Athanasiunun fikirləri tamamilə qalmaqallı fikirlərdir! Yunanıstan Avropa Birliyi ölkəsi deyil, banan respublikasıdır? Athanasiunun açıqlamasından nə başa düşmək olar? Milli təhlükəsizlik zəminində Milli Məclisdəki deputatlarımız təhlükə elementi kimi dinlənilirmi?”
O, daha sonra deyib ki, “dərviş nə düşünürsə, zikri də elədir”. Yəni insanın beynindəki düşüncəni ifadə edir: “Bizi öz ölkəmizdə milli təhlükəsizliyə və ictimai asayişə təhdid kimi qəbul edirlər! Üstəlik, Athanasiunun sözünə görə, bizə casus kimi yanaşırlar! Bu açıqlamadan sonra o, istefa verməlidir! Təəssüflə demək istəyirəm ki, bu qavrayış təkcə Athanasiu ilə məhdudlaşmır! Bu, dövlətin mentaliteti, bugünkü siyasətdəki qavrayış və medianın baxışıdır! Biz təhlükə kimi qəbul edilirik! Bizə bu ölkənin bir parçası kimi baxılmır! Keçmişdən bu günə dövlətin azlıq siyasəti bu anlayış və münasibətin təzahürüdür!”