Press "Enter" to skip to content

Niyə məhz Yozgat Bozok Universiteti seçilməlidir? – CAVAB

Yozgat Bozok Üniversitetinin rektoru Prof. Dr. Ahmet Karadağ

Prof. Dr. Ahmet Karadağ: Yozgat Bozok Universiteti həm Türkiyədə, həm də dünyada marka universitet olmalıdır

Bayraqdar.info – Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrlə müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələr qurulub. Heç şübhəsiz bu məsələdə də qardaş Türkiyə ilə qurulan əlaqələr ön sırada dayanır. Hər il çoxlu sayda azərbaycanlı gənc Türkiyənin ali təhsil müəssisələrində təhsil almaq üçün qardaş ölkəyə üz tutur. Bu sırada Yozgat Bozok Universiteti də var.

Universitetin rektoru Prof. Dr. Ahmet Karadağ 2021-ci ildə olduğu kimi, bu il də Azərbaycana səfər edərək həm təqdim etdikləri təhsil imkanları barədə məlumat verib, həm də Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün müvafiq razılaşmalar imzalayıb. Qeyd edək ki, ötən ay gerçəkləşən səfər zamanı A.Karadağ bayraqdar.info-ya özəl müsahibə də verib. Beləliklə, həmin müsahibəni təqdim edirik.

Rektor Bakıda valideynlər və gənclərlə bir araya gələcək

Azərbaycanlı gənclərin bizi seçməsi üçün bir çox səbəb var

-Cənab rektor, bu gün Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər çoxdur. Eyni zamanda, bu gənclərə qucaq açmaq istəyən Türkiyə universitetləri də az deyil. Bu çoxluq fonunda azərbaycanlı gənclər niyə məhz Yozgat Bozok Universitetini seçməlidir?

-Bunun bir çox səbəbləri var. Əvvəla, yerləşdiyi coğrafiyaya görə bizim universitetin imkanları genişdir. Orta Anadolunun tam kəsişməsində yerləşirik. Yozgata gəlmək üçün nəqliyyat baxımından problem yoxdur. Yaxın vaxtlarda isə sürət qatarı istifadəyə veriləcək və bu imkanlar daha da genişlənəcək. Azərbaycandan gənclər təyyarə ilə istər Ankaraya, istərsə də İstanbula gəlib oradan da sürət qatarı ilə Yozgata asanlıqla yetişə biləcəklər. İkincisi, bizim ali təhsil müəssisəsi tələbəni yormayan, tələbənin maddi baxımdan da rahat təhsil ala biləcəyi universitetlərdən biridir. Digər yandan, Yozgat çox böyük bir şəhər deyil. Tələbələr üçün uyğun bir şəhərdir. Sakit, hər yerə tez bir zamanda çatmaq üçün vaxt itirmədiyiniz bir yerdir. Nəhayət, ən əsası, gənc bir universitet olmasına rəğmən, universitet idarəçiləri başqa olmaqla bir hədəf müəyyən etmişik – Yozgat Bozok Universiteti həm Türkiyədə, həm də dünyada marka universitet olmalıdır. Bu hədəfimizə çatmaq üçün əzmlə çalışdıq və bundan sonra da çalışacağıq. İlkin nəticələrimiz də var: son 3 il ərzində universitet bir çox sahədə xüsusi olaraq fərqlənib.

Türkiyədə ixtisas universiteti kimi 22 dövlət universitetindən biriyik

-Elə növbəti sualım da bəhs etdiyiniz dövrdə təhsil sahəsində əldə edilən uğurlar barədə olacaqdı…

-Məsələn, biz ixtisas universiteti deyildik. Amma artıq ixtisas universitetiyik. Apardığımız uğurlu fəaliyyət nəticəsində regional inkişaf istiqamətində ixtisas universiteti olduq. Hazırda Türkiyədə ixtisas universiteti kimi 22 dövlət universitetindən biriyik. Dolayısı ilə bu, bizim baxış və hədəflərimizi, yəni tələbələrin bakalavr, magistr və hətta doktorantura dərəcəsi üzrə təhsillərini məhz ixtisas universiteti şərtlərində almasını təmin edir.

-Bəs ixtisas universiteti olmağın özü hansı üstünlük verir?

-İxtisas universiteti istehsal etdiyi elmi bilgini texnologiyaya çevirən, həmin texnologiyanı da sənayeçiyə çatdıran universitetdir. Yəni regional inkişafa hədəflənmiş bir universitet deməkdir. Belə baxışı olan universitetin bakalavr təhsilinə yönəlik hədəflərinin də böyük olduğunu hər kəs bilməlidir. Bu baxımdan da Yozgat Bozok Universiteti gənc olmasına baxmayaraq, milli və beynəlxalq təhsil qurumlarının dəyərləndirmələri də əsas götürülməklə davamlı olaraq uğurlar əldə edən bir ali təhsil müəssisəsidir.

21-ci sıradan 11-ci sıraya

-Dəyərləndirmələrdən bəhs etdiniz. Mümkünsə bunu bir qədər dəqiqləşdirək…

-Təkcə bir faktı qeyd edim ki, dövlət universitetləri arasında bizim universitet Web of Science sıralamasında 2021-ci il nəticələrinə əsasən bir əvvəlki ilə nisbətən daha da önə çıxıb. Onu deyim ki, Web of Science sıralaması universitet daxilində həyata keçirilən, yaxud da ARGE (Araştırma ve Geliştirme) çalışmaları ilə istehsal edilən bilginin (patent, yaxud elmi məqalə, araşdırma və s.) dünyanın nüfuzlu elmi dərgilərində dərcində fərqlənən universitetləri ehtiva edir. Beləliklə, Yozgat Bozok Universiteti bu sıralamaya əsasən Türkiyədəki 157 dövlət universiteti arasında 2021-ci il üzrə 11-cı sırada qərarlaşıb. Onu da deyim ki, 2019-cu ildə biz 21-ci, 2020-ci ildə isə 20-ci sırada idik. Göründüyü kimi, bir il ərzində 20-ci sıradan 11-ci sıraya yüksələ bilmişik ki, bu də önəmli nəticədir. Beləliklə, bir daha ilk sualınıza qayıdaraq deyirəm ki, həm təhsil və tədrisdə, həm də akademik fəaliyyətlərdə iddialı universitetik. Uğurlarımız ortadadır. Biz mühəndislik, iqtisadi idarəetmə və sağlıq bilimlərində uğurlarımızla fərqlənirik. Bu sadaladıqlarım “niyə məhz Yozgat Bozok Universiteti seçilməlidir” sualına cavabdır.

Avropanın bir çox universiteti ilə əməkdaşlığımız var

-Beynəlxalq əlaqələr dediniz. Müasir dövrdə ali təhsil ocaqlarında bir ənənə var: xarici ölkələrdəki universitetlərlə elmi əməkdaşlıq və tələbələrin orada da təhsil almaq imkanları. Bu baxımdan sizdə vəziyyət necədir?

-Bizim Erasmus mübadilə proqramı çərçivəsində Avropanın bir çox universiteti ilə əməkdaşlığımız var. Protokollar imzalamışıq. Eyni zamanda Mevlane mübadilə proqramı kimi bir sıra proqramlar daxilində də Türkiyənin müxtəlif universitetləri ilə əməkdaşlığımız mövcuddur. Bu proqramlar çərçivəsində tələbələrimiz həm bir dönəmlik gedib Avropa ölkələrində təhsil ala bilirlər, həm də Türkiyə daxilindəki mübadilə proqramlarından yararlanırlar.

Nadir Azəri və Ahmet Karadağ müsahibə vaxtı
Nadir Azəri və Ahmet Karadağ müsahibə vaxtı

Əsas hədəflərdən biri də türk dünyası universitetləri ilə əlaqələri genişləndirməkdir

-Bəs türk dünyası ilə əlaqələriniz necədir?

-Azərbaycan universitetləri ilə əməkdaşlığımız necə genişmiqyaslı və dərindirsə, digər türk dövlətlərinin universitetləri ilə də o cür olması üçün var gücümüzlə çalışırıq. Necə ki, rektor səviyyəsində Azərbaycana səfər edib valideyn və gənclərlə görüşür, ayrı-ayrı universitetlərlə əlaqə qururuqsa, eyni şəkildə də digər türk dövlətlərinə yanaşırıq. Bizim hədəflərimizdən biri də məhz türk dünyası universitetləri ilə tələbə, təhsil mübadilə proqramını reallaşdırmaqdır. Artıq universitetlərlə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışıq.

-Azərbaycana bu dəfəki səfəriniz nə ilə yadda qaldı?

-Deyə bilərəm ki, bu səfərimiz çox məhsuldar oldu. Səfər zamanı Bakı Dövlət Universiteti, Avrasiya Universiteti, Xəzər Universiteti, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan İlahiyyat İnstitutunda görüşlər keçirdik. Bu görüşlərin nəticəsində Azərbaycanın beş ali təhsil müəssisəsi ilə protokol imzaladıq. Eyni zamanda üç universitetlə konkret iş sahələri müəyyən etdik. Gəncəyə səfərimiz zamanı Nuru Paşanın ev-muzeyini də ziyarət etdik. Burada olmaq çox qürurverici idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

-Azərbaycanlı tələblərin təhsil səviyyəsindən razısınızmı?

-Biz Azərbaycandan tələbə qəbul etməyə 2021-ci ildən başladıq. Təbii ki, öncə adaptasiya mərhələsi oldu. Doğrusunu deyim ki, Azərbaycandan gələn tələbələrimiz öncə bir az axsadılar. Bunun da səbəbi o idi ki, Türkiyəni yeni tanıyırdılar. Türkiyədə ali təhsilin necə reallaşdığını bilmirdilər. Amma biz onlara məsləhət və dəstəklərimizi verdik və qısa müddətdən sonra toparlandılar. Universitetimizin təlim, tədris və təhsil standartlarını qavrayaraq, təhsillərini davam etdirdilər.

Bu məsələ hazırda gündəmdə deyil

-Son vaxtlar COVID-ə yoluxmalarda yenidən artışlar müşahidə edilir. Belə olan təqdirdə Türkiyədə ali təhsil yenidən uzaqdan təhsilə keçirilə bilərmi?

-Hazırda YÖK-ün belə bir planı yoxdur. Təhsil üz-üzə olacaq. İnşallah, ötən illərdəki kimi böhran olmaz. Əgər xəstəlik artarsa, təkrar qapanma olarsa Yozgat Bozok Universiteti buna da hazırdır. Bizim bu vəziyyətə uyğun bir idarəetmə sistemimiz var. Yəni hansısa bir fövqəladə durum olarsa biz ona hazırıq. Bunun üçün bütün texniki imkanları təmin etmişik. Tələbələrimiz öz qaldıqları yerdə, hətta ölkələrinə qayıtsalar belə öz ölkələrində ağıllı telefonlar vasitəsilə onlayn dərslərimizə qoşula biləcəklər. Amma bir daha deyirəm ki, bu məsələ hazırda gündəmdə deyil.

Mission News Theme by Compete Themes.