Son yeniləmə: 12 Avqust 2022 21:26
Bayraqdar.info – Sentyabrın 16-da qardaş Türkiyənin İstanbul şəhərində Azərbaycan şöləni olacaq. Həmin gün “Könül bağımız Qarabağdır” adlı gecə keçiriləcək. Azərbaycandan və Türkiyədən tanınmış sənətçilərin qatılacağı gecədə iki ölkənin qardaşlığına, həmçinin vətənpərvərliyə həsr olunmuş musiqilər səsləndiriləcək.
Bu barədə bayraqdar.info-ya gecənin təşkilatçısı olan USUBOĞLU GROUP Hukuk Danışmanlıgı Hizmetinin rəhbəri, həmyerlimiz vəkil Samiral Usubova məlumat verib.
Qeyd edək ki, 2013-cü ildə “Haber S” adı ilə fəaliyyətə başlayan bu qurum 2022-ci ildə USUBOĞLU GROUP kimi beynəlxalq şirkətə çevrilib.
Gecənin təşkilində məqsədə gəlincə S.Usubova deyib: “Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfərinin ikinci ildönümü ərəfəsindəyik. Biz də USUBOĞLU GROUP olaraq həmin qələbəni bizlərə yaşadanlara öz minnətdarlığımızı İstanbulda təntənəli bir Azərbaycan gecəsi keçirməklə etmək istədik. İki qardaş ölkənin tanınmış sənətçilərinin səhnəyə çıxacağı bu gecədə Türkiyədən və Azərbaycandan millət vəkillərinin, nazirlərin, müxtəlif sahələrin təmsilçilərinin, dünyada tanınmış iş adamlarının iştirakı da planlaşdırılır. Onu da deyim ki, təxminən 2 min nəfərin qatılması gözlənilən gecədə Azərbaycanın və Türkiyənin milli yeməkləri də təqdim ediləcək. Bir sözlə, bu, bir başqa gecə olacaq. Onu da qeyd edim ki, tədbirə hazırlıqla bağlı mütəmadi olaraq mediaya əlavə məlumatlar verəcəyik”.