Press "Enter" to skip to content

General: Dünya yenidən bölüşdürüləcək

Yücel Karauz

Dr. Yücel Karauz: Dünyanın yenidən bölünməsinə hazırlıqlar görülür

Bayraqdar.info – “Dünyada cərəyan edən son hadisələr özlüyündə bir sıra suallar yaradıb. Bu kontekstdə “bəşəriyyət üçüncü dünya müharibəsinə gedə bilərmi” sualı da son vaxtlar tez-tez eşidilməkdədir”.

Bunu Üçüncü Dünya müharibəsinin ola bilməsi ehtimalını bayraqdar.info üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Dünyanın narahatlığını başa düşmək olar

Onun sözlərinə görə, əslində, dünyanın narahatlığını başa düşmək olar: “Çünki bu günə kimi iki dünya müharibəsi olub. Bunlardan birincisi 1914-1918-ci, ikincisi isə 1939-1945-ci illərdə baş verib. Bu müharibələr bəşəriyyətdə milyonlarla insanın ölümünə və dağıntılara səbəb olub. Bir də dünya müharibəsi qədər böyük olmasa da, uzun illər davam edən ikitərəfli və çoxtərəfli müharibələr olub ki, bu da özündən sonra ancaq dağıntı, qan, ölüm izi qoyub”.

Mövcud dünya düzəni imperialist dairələri qane etmir

Lakin müsahibimiz indiki məqamda Üçüncü Dünya müharibəsinin olacağını ehtimal etmir: “Hazırda Rusiya-Ukrayna, Tayvan-Çin, Kosova-Serbiya, Pakistan-Hindistan, Suriya-İran qarşıdurmalarına baxdığımız zaman deyə bilərik ki, indiki durum birinci və ikinci dünya müharibələri öncəsindəki vəziyyətə bənzəmir. Sadəcə hazırda dünya bir təhlükəsizlik böhranı içərisindədir. Dünyanın yenidən bölünməsinə hazırlıqlar görülür. Yəni bu gedişlə dünya 5-10 il davam edəcək gərginliklər və qarşıdurmalardan sonra yenidən bölünmək zorundadır. Çünki İkinci Dünya müharibəsindən sonra formalaşan dünya düzəni artıq imperialist dairələri və ölkələri qane etmir. Onlar yeni enerji qaynaqları, yeni ərazilərə nəzarəti ələ keçirmək, qlobal ərzaq böhranı fonunda zəngin torpaqlara, o cümlədən geosiyasi və iqtisadi güc qaynaqlarına sahib olmaq üçün hərəkətə keçiblər”.

Uzaqmənzilli nüvə silahından istifadə ediləcəyi inandırıcı deyil

Nüvə silahlarından istifadə edilməsi ehtimalına gəlincə isə Dr. Yücel Karauz deyib: “Nüvə silahları asan şəkildə, nə zaman istədinsə istifadə ediləcək silahlar deyil. Kiçik, orta və uzaqmənzilli nüvə silahları var. Uzaqmənzilli nüvə silahları istifadə edildiyi zaman çox böyük ərazidə fəlakətə səbəb ola bilir. Bu baxımdan indiki mərhələdə uzaqmənzilli nüvə silahından istifadə ediləcəyinə inanmıram. Çünki dünyada hakimi-mütləq olmaq uğrunda mübarizə aparan güclərin əlində ümumilikdə 13 min 500-ə yaxın nüvə silahı var. Bu imperialist güclərin hər biri nüvə silahından istifadə edərsə, özünə qarşı da eyni addım atılacağını gözəl bilir”.

Mission News Theme by Compete Themes.